Ru
15:33 / 05 Oktyabr 2026

Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır

Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
Eye

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib.

"Bakupost" xəbər verir ki, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib.

Xarici İşlər Nazirliyi (XİN) 2026-cı ilin may ayında Kiyevi tərk etmək barədə verdiyi tövsiyələri, eləcə də Qərb ölkələrinin öz vətəndaşlarına Ukraynaya səfər etməmək barədə tövsiyələrini xatırladıb.

"Heç də hər kəs bu xəbərdarlıqlara qulaq asmayıb və şüurlu şəkildə öz həyatlarını ölümcül təhlükəyə atırlar. Kiyevdə bir çox səfirliklər fəaliyyət göstərir, xarici rəsmilər Ukraynaya səfər edirlər", - deyə XİN qeyd edib.

Rəsmi Moskva vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri "kütləvi qisas zərbələri" endirməyə davam edəcək.

"Mümkün mənfi nəticələrə görə məsuliyyət bütünlüklə xəbərdarlığı qulaqardına vuranların üzərinə düşür", - deyə məlumatda bildirilib.

Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Rusiyanın bu təhdidi fonunda xarici ölkə diplomatlarının Kiyevi tərk edib-etməyəcəkləri həmin dövlətlərin özlərindən asılıdır:

“2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan əvvəl Qərbin bir çox diplomatik nümayəndəlikləri Kiyevi tərk etmişdilər. Bəziləri ümumiyyətlə, Ukraynadan çıxmış, digərləri isə ölkənin qərbindəki Lvova köçmüşdülər. Serbiyanın paytaxtı Belqradı bombalayan zaman Amerika aviasiyası Çinin buradakı səfirliyinə də zərbə endirdi. Nəticədə ölənlər oldu. Hazırda ABŞ Yaxın Şərqdəki səfirliklərini köçürür. Bu da Amerikanın yenidən İrana zərbə endirməyə hazırlaşdığının əlamətidir. Hərçənd həmin səfirliklər bir müddət əvvəl idi ki, qayıtmışdılar”.

Ekspertin sözlərinə görə, Rusiya XİN-in rəhbəri Kiyevdəki xarici diplomatların ərazini tərk etməsini istəyirsə, bu Moskvanın Ukrayna paytaxtını mülki obyektlər də daxil, geniş şəkildə bombalamağa hazırlaşdığına işarədir:

“Belə bombardmanı İkinci Cahan Müharibəsində görmüşük. Qərb aviasiyası həmin dövrdə Almaniyanın Drezden şəhərini, Yaponiyanın paytaxtı Tokionu dəhşətli bombardmanlara məruz qoydu. Nəticədə təkcə Tokioda atom bombasının atılması ilə Nakasaki və Xirosima şəhərlərində birgə ölənlərdən daha çox dinc əhali həlak oldu. O dövrdə SSRİ və Almaniya aviasiyası da bu kimi addımlara əl atmışdı. Təəssüf ki, bəşəriyyət geniş miqyaslı müharibələr zamanı beynəlxalq hüquqa məhəl qoymur”.

Müsahibimiz hesab edir ki, Rusiyanın belə bir mövqe sərgiləməyə hazırlaşması onun acizliyinin göstəricisidir:

“Ukrayna ilə müharibədə ağır vəziyyətə düşən, istədiyi hərbi və siyasi nailiyyəti əldə edə bilməyən Rusiya da Kiyevə münasibətdə anoloji addımlara əl atmağa hazırlaşır. Bu hərbi cinayət olmaqla yanaşı, Kremlin çarəsizliyinin sübutudur. Belə vəziyyətdə Qərb ölkələrinin öz səfirliklərilə bağlı hansı addımları atıb-atmayacaqları hər bir ölkənin rəhbərliyinin mövqeyi və göstərişlərindən asılıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar