Son zamanlar bir sıra Rusiya rəsmiləri Türkiyə ilə münasibətlərinin soyumasına xidmət edəcək fikirlər səsləndirməyə başlayıblar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini Valeri Semerikov iddia edib ki, Avropa İttifaqı, ABŞ və Türkiyənin Qafqaz ölkələrinə artan təsiri regionda daha da böyük gərginlik mənbəyi yaradacaq.
Bakupost.az xəbər verir ki, o bu sözləri MDB ölkələrinin antiterror strukturları, terrorizm və ekstremizmə qarşı mübarizə səylərini əlaqələndirən milli strukturları rəhbərlərinin 19-cu iclasında deyib.
Semerikov bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Rəsmi Ankara bölgədəki geosiyasi tarazlığı dəyişdirən “Zəngəzur dəhlizi” layihəsini fəal şəkildə təşviq edir.
Rusiyanın sözügedən məsələdə ABŞ və Avropa İttifaqının adını çəkməsi başa düşüləndir. Artıq xeyli müddətdir Moskva ilə Qərb arasında gərgin münasibətlər hökm sürür. Amma Rusiya rəsmisinin həmin siyahıda Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayan Türkiyəni də hədəf kimi göstərməsi ən azından hörmətsizlikdir.
Politoloq Zərdüşt Əlizadə
Bakupost.az-a bildirib ki, Rusiya rəsmilərinin Türkiyənin Qafqazda artan təsirindən əndişələnməsi çarəsizlik, acizlik və səfehliklərindən irəli gəlir:
“Cənubi Qafqazdakı gərginliyin əsas səbəbi həll edilməmiş münaqişələr idi. Hansı ki, bu münaqişələri qızışdıran, yaradan və idarə edən də Rusiya olub. Artıq Azərbaycan işğaldakı ərazilərimizi qaytarmaqla öz problemini həll edib. Nəticədə Rusiya Ermənistan və Azərbaycana təzyiq alətini itirdi. Belədə, Moskva Cənubi Qafqazdakı nüfuz dairəsini də itirir. Boşalan yeri isə digər güc mərkəzləri tutur. Bunun nəticəsində regionda ABŞ, Avropa və Türkiyənin də təsir dairəsi artır. Bu isə rusiyalı rəsmiləri qıcıqlandırır. Onu da belə əsaslandırırlar ki, guya Rusiyanın Cənubi Qafqazdan çıxması ilə bölgədə sabitlik pozulmağa başlayıb”.
Ekspert qeyd edir ki, əslində Türkiyənin gəlişi bölgəmizdə sabitliyi, əmin-amanlığı daha da gücləndirəcək:
“Ankara ilə İrəvan arasında sərhədlər açılacaq. Yəni Türkiyənin Cənubi Qafqaza təsiri yalnız və yalnız müsbətdir”.
Rüfət Sultan, BakuPost