Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad xanım Məhsəti Gəncəvi haqqında bədii film çəkib, amma Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın senzurasından keçməyib. Səbəb: şairəni əxlaqsız qadın kimi təqdim edib, üstəlik erotik səhnələr, normativ-etik xarakterli və digər ciddi pozuntular var.
Bakupost.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.
O qeyd edib ki, bədii əsər onun müəllifinin fantaziyasının məhsuludur:
"Hətta söhbət tarixi şəxsiyyətlərin həyatından gedirsə belə. Məsələn, “Babək” filmində Babəklə (Rasim Balayev) mərhum Cavidanın arvadı Zərnisə (Amaliya Pənahova) arasındakı erotik səhnədən sonra Zərnisə çıxıb Xürrəmilərə "Cavidan vəsiyyət etdi ki, məndən sonra rəhbəriniz Babəkdir",- deyir. Yəni faktiki belə çıxır ki, Babək karyerasını yataq üzərindən qurubmuş. İndi nə edək: bu filmi də Babək üçün təhqir hesab edərək yasaqlayaq?..
Həm də axı Əbülfəs Qarayevin qızını da başa düşmək olar. Ətrafa baxıb görür ki, şou-biznes/mədəniyyət əhli, bir qayda olaraq, əxlaqsızdır və karyeraları yataq üzərindən qurulur. Odur ki, çağdaş reallığı götürüb 8 əsr əvvələ şamil edib..."
Hüquqşünas onu da vurğulayıb ki, tarixi Məhsəti Gəncəvi haqqında məlumat çox azdır:
"Hətta real tarixi şəxsiyyət olub-olmaması da sual altındadır. Ortada yalnız fars dilində yazılmış şeirlər var. Bir də deyirlər ki, Nizamidən fərqli olaraq Məhsəti xanım saray şairi olub. Hərfi mənada: Atabəylərin sarayında yaşayıb. Bunun özü də sual doğurur. Müsəlman dövlətində azad qadın sarayda necə yaşaya bilərdi axı? Sarayda ya Atabəyin ailəsinə aid qadınlar, ya da kölələr (cariyələr) yaşaya bilərdi. Məhsəti hansı statusla sarayda yaşayıb axı?"
Asena,
Bakupost