Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlının aprelin 9-da Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbində müəllimlər və kursantlarla görüşü olub.
Bakupost.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
O, ümumi yığıncaqdan öncə kursantlar üçün yaradılmış şəraitlə tanış olduğunu bildirib:
"Gələcəyin sərhədçilərinin yetişdirildiyi belə bir hərbi təhsil müəssisəmizin olmasına ürəkdən sevindim. Burada beşinci sinifdən onbirinci sinfə qədər kursantlar orta məktəb həcmində tədris proqramını öyrənməklə yanaşı, həm də gələcək sərhədçi üçün zəruri olan bütün digər mühüm bilik və bacarıqlara yiyələnir, hərbi-fiziki hazırlıq keçirlər. Tədris binaları, yataqxana, idman qurğuları, məktəbin geniş ərazisi-hamısı məktəbdən çox bir istirahət yerini xatırladır; səliqə-sahman yüksək səviyyədədir və məktəbə göstərilən böyük qayğını nümayiş etdirir. Ümumi yığıncaqdan öncə kursantlar üçün yaradılmış şəraitlə tanış oldum, siniflərdə müxtəlif fənlər üzrə tədris prosesinə baxdıq, müəllimlərlə ayrıca görüşdük, sonra kursantların mənim kitablarım əsasında hazırladıqları maraqlı ədəbi-bədii proqramı izlədik. Bu maraqlı, unudulmaz görüşə görə məktəbin rəisi, polkovnik Ruslan Həsənova, eyni zamanda layihə rəhbəri, gənc yazıçı Gülər Səfərovaya, aparıcı Səidə Əsgərovaya, Vəfa Sərdarova başda olmaqla bütün çıxışçılara öz dərin minnətdarlığımı bildirirəm".