Ru
17:12 / 15 May 2026

Sabir Rüstəmxanlı Vətəni şeirə yox, insanların ürəyinə yazıb

Sabir Rüstəmxanlı Vətəni şeirə yox, insanların ürəyinə yazıb
Eye

Anar YUSİFOĞLU

Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində elə şəxsiyyətlər var ki, onların adı yalnız yazdıqları əsərlərlə deyil, həm də xalqın taleyi, milli yaddaşı ilə bağlı mübarizə ruhu ilə yadda qalır. Xalq şairi, publisist, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı məhz belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığı Azərbaycan insanının milli yaddaşına, azadlıq duyğusuna, milli kimlik və istiqlal düşüncəsinə çevrilib.

Sabir Rüstəmxanlı Azərbaycan poeziyasına özünəməxsus nəfəs, milli ruh və vətəndaş mövqeyi gətirən nəhəng söz və fikir adamıdır. Onun şeirlərində Vətən anlayışı yalnız coğrafi məkan deyil, milli ruhun, mənəvi yaddaşın və tarixi məsuliyyətin ifadəsidir. Şairin poeziyasında torpaq sevgisi, türk dünyasına bağlılıq, milli istiqlal düşüncəsi və insan taleyinə həssas münasibət əsas xətti təşkil edir. Bu baxımdan, Sabir Rüstəmxanlının yaradıcılığı sadəcə bədii-estetik, ədəbi hadisə deyil, həm də milli özünüdərk məktəbidir.

Sovet ideoloji çərçivələrinin sərt hökm sürdüyü bir dövrdə milli kimlik, ana dili və azadlıq mövzularında açıq danışmaq böyük cəsarət tələb edirdi. Sabir Rüstəmxanlının milli kimlik, ana dili və azadlıq mövzusunda yazdığı əsərlər cəmiyyət üçün mənəvi dayaq, istinad, söykəncək rolunu oynayıb, əsərləri milli düşüncənin manifestinə çevrilib. Bu mənada o, yalnız şair deyil, həm də düşünən və düşündürən ictimai vicdan sahibidir.

Şairin yaradıcılığında ana dili məsələsi xüsusi yer tutur. Sabir Rüstəmxanlı üçün dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın varlığını yaşadan mənəvi sərvətdir.

Sabir Rüstəmxanlı türk dünyasının mənəvi birliyini düşünən ziyalıdır. Onun yaradıcılığında türk xalqlarının ortaq taleyi, tarixi yaddaşı və gələcək birliyi mühüm yer tutur. Bu düşüncə tərzi onun publisistikasında da, poeziyasında da aydın görünür. O, Azərbaycanı türk dünyasının ayrılmaz parçası kimi təqdim edir və milli düşüncəni daha geniş coğrafi-mədəni müstəviyə daşıyır.
80 illik ömür yolu Sabir Rüstəmxanlını yalnız yaşadığı zamanın deyil, həm də xalqının ağrı-acılarının, arzularının və mübarizəsinin rəmzlərindən birinə çevirib.

Sabir Rüstəmxanlının həyat və fəaliyyət yolu təkcə ədəbi yaradıcılıqla məhdudlaşmır. O, milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, milli ideyaların qoruyucusu və vətəndaş mövqeyini daim qoruyan ziyalı kimi Azərbaycan ictimai həyatında mühüm iz qoyub. Bu xüsusiyyət onu yalnız şair yox, həm də xalq taleyinə biganə qalmayan fikir adamı kimi də fərqləndirir.

80 illik ömür yolu Sabir Rüstəmxanlını yalnız yaşadığı zamanın deyil, həm də xalqının ağrı-acılarının, arzularının və mübarizəsinin canlı simvollarından birinə çevirib. Bu mənalı ömür yolu Azərbaycan insanına milli qürur, sözə sədaqət və mənəvi bütövlük nümunəsi təqdim edir.

Bu gün Sabir Rüstəmxanlının timsalında biz yalnız böyük söz adamını deyil, həm də milli düşüncənin, vətəndaş mövqeyinin və mənəvi bütövlüyün simvollarından birini görürük. O, sözə məsuliyyətlə yanaşan, qələmi milli maraqlara xidmət edən nəhəng fikir adamıdır. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin ən qiymətli səhifələrindən biri kimi gələcək nəsillərin mənəvi yaddaşında daim yaşayacaq.
Vətən deyə başlayan sözün ömrü heç vaxt bitməz. Sabir Rüstəmxanlı Vətəni şeirə yox, insanların ürəyinə yazıb. Sabir Rüstəmxanlının üçün Vətən bir taledir, vicdandır, ömürdür. Onun yazdıqları isə bir gəncin düşüncəsində milli qürur, bir ananın duasında Vətən sevgisi, bir xalqın yaddaşında isə susmayan səsdir.

80 illik bir ömrün ən böyük qazancı yazılan kitabları yox, qazanılan xalq sevgisidir. Sabir Rüstəmxanlı bu sevgini sözünün dürüstlüyü, mövqeyinin bütövlüyü və Vətənə bağlılığı ilə qazanıb.
Sabir Rüstəmxanlı bir söz taleyidir. Buna görə də onun ömür yolu bitən yol deyil. Sözü cavanlaşdıran Sabir bəyin ömür kitabı heç vaxt bağlanmayacaq, ancaq oxucusunu dəyişəcək.

Vətən bizim üçün ona görə müqəddəsdir ki, onu bizə sevdirən, uğrunda can verməyi şərəf saydıran insanlar var. Bu ali duyğular ailədən başlayır, xalqın mənəviyyatından gəlir. Amma Sabir Rüstəmxanlı Azərbaycana böyük ruhun bütövlüyü kimi baxdı. Bakı–Təbriz çağırışı ilə millətin yaddaşını oyatdı, bizə kim və nə qədər böyük olduğumuzu xatırlatdı. Xalqın içində yaşayan böyük Azərbaycan idealını bütövlükdə millətin nəfəsinə çevirdi. Bu baxımdan Sabir Rüstəmxanlı milli düşüncənin ucalığına çevrilmiş sevimli simadır və könüllərdə yaşayan Vətən duyğusunun özü kimi yaddaşımıza hopdu. Böyük şair, böyük söz adamı kimi düşüncələrimizdə Vətənləşdi. Adı milli düşüncənin, mənəvi bütövlüyün və Azərbaycan sevgisinin atributu oldu.

80 yaşın mübarək, sözü səksəndirən adam!

80 sıradan bir rəqəm deyil. Həzrəti Musa 80 yaşında peyğəmbərliklə vəzifələndirildi. Sabir Rüstəmxanlı isə 80 ildir sözə peyğəmbərlik edir. Peyğəmbərlərdən əvvəl isə söz vardı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar