Bu gün Sumqayıt Dövlət Teatrında Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” əsəri əsasında hazırlanmış ikihissəli milli faciə tamaşasının premyerası keçirilib.
"Bakupost" xəbər verir ki, anşlaqla keçən tamaşada ölkənin tanınmış ictimai və sənət adamları, Sumqayıt şəhərinin fəalları iştirak ediblər.
Tamaşa əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu tərəfindən səhnələşdirilib.
Əsərin mahiyyətini tamaşaçılara daha dərindən anladan musiqinin bəstəkarı isə əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Tamaşada Xalq artisti Valeh Kərimov, əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Elmira Kərimova, Sədaqət Nuriyeva və digər aktyorlar rol alıblar.
Sabir Rüstəmxanlının eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşada ötən əsrin 30–50-ci illərində Azərbaycan xalqının məruz qaldığı repressiyaların tarixini öyrənən akademik Ziyad Şıxlının həyatından bəhs olunur. Bununla yanaşı, pyesdə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası, Azərbaycanda başlayan milli azadlıq hərəkatı, bu hərəkatı boğmaq niyyəti ilə 1990-cı ilin yanvar ayında Sovet ordusunun Bakıya yeridilməsi və bu faciənin akademiklə Sovet ordusunun zabiti olan oğlu Valodiyanı qarşı-qarşıya qoyması canlandırılır. Məşhur alim bu mürəkkəb şəraitdən çıxış yolları axtarır. Tamaşada, eyni zamanda, 30-cu illərdə Qazaxıstana sürgün edilmiş bir ailəni vətənə bağlayan maraqlı bir sevgi tarixçəsi də yer alıb.
Sevgi, ayrılıq, həsrət və insan talelərinin mürəkkəb məqamlarını özündə əks etdirən səhnə əsəri tamaşaçıları tarixin ağrılı səhifələrinə və dərin mənəvi yaşantılara aparıb. Milli-mənəvi dəyərlərin, insan duyğularının və tarixi yaddaşın bədii ifadəsini səhnəyə daşıyan tamaşa sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Premyeranın sonunda Xalq şairi Sabir Rüstəmxanlı və rejissor Ağalar İdrisoğlu çıxış edərək hər kəsə təşəkkürlərini bildiriblər.