Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” ABŞ-nin “Broadcom” şirkətindən 200 milyard dollardan çox dəyərində çip istehsalı sifarişi alıb.
“Bakupost” xəbər verir ki, şirkətin yaydığı məlumata görə, 2030-cu ilədək davam edəcək müqavilə “Broadcom” üçün 2 nanometr və daha müasir texnologiyalar əsasında çiplərin istehsalını nəzərdə tutur.
Bildirilib ki, razılaşma tərəflər arasında yaddaş və çip istehsalı sahəsində strateji əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq. “Samsung”un yeni nəsil süni intellekt sürətləndiriciləri üçün də istehsal həyata keçirəcəyi qeyd olunub.
Şirkət həmçinin yüksək məhsuldarlıq və enerji səmərəliliyi təmin edən süni intellekt və şəbəkə çiplərinin istehsalı üçün qabaqcıl paketləmə texnologiyalarından istifadə edəcəyini açıqlayıb.
Qeyd edək ki, “Samsung” son dövrlər süni intellekt çipləri bazarında rəqabəti gücləndirmək üçün fəaliyyətini genişləndirir. Şirkət bu sahədə TSMC və “SK Hynix” kimi iri istehsalçılarla rəqabət aparır.
Vüsalə Hüseynova,
BakuPost