Ru
12:40 / 29 İyun 2026

Sandu Ukrayna-Rusiya ilə bağlı planlarını açıqladı - Bu, alınacaqmı?

Sandu Ukrayna-Rusiya ilə bağlı planlarını açıqladı -  Bu, alınacaqmı?
Eye

Kiyevlə Moskva arasında mümkün sülh sazişinin bir hissəsi kimi Rusiya qoşunlarının Dnestryanıdan çıxarılması da müzakirə edilə bilər.

Bakupost.az xəbər verir ki, bu fikirləri Moldova Prezidenti Mayya Sandu yerli televiziyaya müsahibəsində səsləndirib.

Qeyd edək ki, Rusiya Moldova müstəqillik əldə etdikdən sonra da öz hərbi kontingentini sülhməramlı adı altında Dnestryanıda saxlamaqda davam edir. Rəsmi Kişinyov dəfələrlə bəyan edib ki, Rusiya qoşunları ölkə ərazisində qanunsuz yerləşdirilib və bu səbəbdən ərazini tərk etməlidir.

Sandu hökuməti hesab edir ki, rus qoşunlarının Dnestryanıdan çıxarılması məsələsi Ukrayna ilə Rusiya arasında imzalanacaq mümkün sülh sazişinə də daxil edilməlidir.

Politoloq Zərdüşt Əlizadə Bakupost.az-a bildirib ki, Kişinyov bununla ölkəsindəki problemin daha geniş bir razılaşma çərçivəsində həllində maraqlı olduğunu göstərir:

“Moldova çalışır ki, Kiyevlə Moskva arasında mübahisəli məsələlərin müzakirəsi zamanı Dnestryanı məsələsi də onların sırasına daxil edilsin. Yəni Sandu istəyir ki, ölkəsinin mövcud problemi də daha böyük bir razılaşma çərçivəsində öz həllini tapsın. Bunun alınıb-alınmayacağını indidən söyləmək olmaz. Məntiq baxımından Dnestryanı probleminin hansısa hüquqi çərçivədə həlli Rusiyaya da əl verərdi”.

Politoloqun sözlərinə görə, Ukrayna məsələsində Moskvanın təsir imkanları məhdudlaşdıqdan sonra bu vəziyyət gələcək sülh razılaşmasında öz əksini tapacaq və yaranmış situasiya Dnestryanı probleminin həllinə də şərait yaradacaq:

“Buna heç bir şübhə yoxdur. Onda Dnestryanı da əhəmiyyətini itirəcək. Çünki Dnestryanı, Qarabağ, Abxaziya, Cənubi Osetiya, Donbas və Krım – bütün bunlar Rusiyanın postsovet məkanında öz nüfuzunu hədə-qorxu üsulları ilə saxlamaq cəhdinin tərkib hissəsidir. Rusiya Ukrayna müharibəsində məğlubiyyətə uğrasa, Dnestryanı məsələsi də birmənalı olaraq öz həllini tapacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar