Ru
15:07 / 27 Avqust 2026

SDQ buraxıldığını elan etdi: Sözünə əməl edəcəkmi?

SDQ buraxıldığını elan etdi: Sözünə əməl edəcəkmi?
Eye

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Məzlum Əbdi təşkilatın buraxıldığını və Suriya ordusuna inteqrasiya olunduğunu elan edib.

“Bakupost” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Biz Suriya tarixində sülh, sabitlik və yenidənqurma fəslini açırıq və SDQ-nin müstəqil hərbi qüvvə kimi mövcudluğunun sona çatdığını tam məsuliyyətlə elan edirik”, – deyə Əbdi Suriyanın keçid prezidenti Əhməd əl-Şara ilə görüşdən sonra Dəməşqdə keçirilən mətbuat konfransında bildirib.

Əbdi qeyd edib ki, Suriyanın şimal-şərqindəki kürd administrasiyası dövlət aparatının bir hissəsinə çevriləcək. Bundan başqa, məktəblərdə kürd dilinin tədrisi hüququ saxlanılıb.

Siyasi şərhçi Rufiz Hafizoğlu “BakuPost”a bildirib ki, SDQ adlandırılan, əslində isə PKK-nın Suriya qolu olan və uzun müddət bölgə xalqını ciddi təhdid altında saxlayan, İŞİD-ə qarşı mübarizə adı altında silahlandırılan həmin qüvvələrin tərksilah olunması ümumilikdə olduqca müsbət haldır.

Amma bununla yanaşı, müsahibimiz qeyd edib ki, bu, heç də vəziyyəti normallaşdırmaq məqsədilə atılan addım deyil:

“Əksinə, bu, dolayı yolla özünü, öz milli kimliyini qorumaq üçün atılan bir addımdır. Məsələ ondadır ki, uzun illər kürdlərin müdafiəsi adı altında “fəaliyyət göstərən” bütün qurumlar güclü dövlətlərin əlində “maşa”dan başqa bir şey olmadıqlarını nəhayət, son anda başa düşüblər. İstər Rusiya, istər ABŞ, istərsə də İran olsun, onların heç biri kürd millətini qorumaq adı altında ortaya atılan problemlərlə heç bir halda maraqlanmayıblar. Çünki həmin güclərin burada öz maraqları olub”.

Ekspert deyir ki, hazırda SDQ-nin simasında ona alternativ gətirib bu cür hərəkət etmək istəyən digər qüvvələr də var:

“Amma onlara imkan verilmir. Bunlar İraqdakı Həşdi-Şabi hərbi qruplaşmasıdır. İraq baş naziri tərəfindən verilən təlimata uyğun olaraq, oktyabra qədər bu qüvvələr tərksilah edilməlidir. Lakin hələ də həmin qüvvələr tərksilahdan yayınır və Peşmərgə variantını müzakirə edirlər. Vaxtilə Peşmərgə silahları təhvil verdi və İraq Kürdüstanının özünümüdafiə qüvvələrinə transfer olundu. Bu gün SDQ də həmin addımı atmaq istəyir”.

Həmsöhbətimizin fikrincə, bütün hallarda SDQ sözünün üstündə durmağa məhkumdur:

“Onun başqa variantı yoxdur. Onlar anlayırlar ki, artıq əvvəlki zaman deyil. Onu da anlayırlar ki, Türkiyə, eləcə də Tramp administrasiyası, İran və hazırkı Suriya hökuməti heç bir halda Suriyada kürd dövlətinin yaranmasına imkan verməyəcəklər. SDQ məcbur da olsa, sözünün üstündə duracaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar