Ru
19:22 / 10 Dekabr 2025

Paşinyanı sevindirən səfirimiz - Bu nə yaltaqlıqdır girib sizin canınıza?!

Paşinyanı sevindirən səfirimiz - Bu nə yaltaqlıqdır girib sizin canınıza?!
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya səfəri çərçivəsində xarici Əlaqələr Şurasında bir görüş keçirib, orda Azərbaycanın Berlindəki səfiri Nəsimi Ağayev də iştirak edib.

Nəsimi Ağayev fikirlərini ingiliscə deyib və sual verəndən, nəyisə öyrənmək istəyəndən daha çox, mövqeyini ifadə edənə bənzəyir. Ancaq mövqeyinin ifadəsindən öncə Paşinyanı ermənicə salamlayıb, “Almaniyaya xoş gəlmisiniz” deyib və bu da erməni mediasında manşetlərə daşınıb. Deyəsən, səfirimizin Paşinyana ermənicə müraciəti erməni baş nazirin də ürəyincədir, zövqlə gülür.

Maraqlıdır, Nəsimi Ağayevin hardan ağlına gəlib ki, Paşinyanı ermənicə salamlamalıdır? Ümumiyyətlə, “Almaniyaya xoş gəlmisiniz” nə deməkdir?

Sən bir ölkənin vətəndaşı deyilsənsə, o ölkəyə gələn kiməsə necə “bura xoş gəldin” deyə bilərsən?

Səfirimiz də alman deyil, Almaniya vətəndaşlığını, mən bilən, almayıb: o, Almaniyada səfirdir və bir sərəncamla geri gələ və yaxud başqa ölkəyə göndərilə biləcək şəxsdir. Bu halda “Almaniyaya xoş gəldiniz”i hansı haqq-məntiq-düşüncə ilə deyir?

Digər məsələ bu sözləri ermənicə deməsindədir. Başa düşmürəm, bu ölkənin başqa ölkədə keçirilən musiqi yarışmasına jüri olaraq göndərilən müğənnisi qalxıb, Azərbaycan adından – bəli, məhz Azərbaycan adından – erməniyə “sülh nəğməsi” oxuyur və sonra da ermənini bağrına basır; bu ölkənin rəsmi şəxsi olan səfir erməni baş naziri ermənicə salamlamağı məqbul sayır...

Ay hörmətlilər, Azərbaycanın torpaqlarını Ermənistan işğal edib; Azərbaycanın onlarla şəhərini, yüzlərlə kəndini Ermənistan Yer üzündən silib; Azərbaycanın dinc əhalisini qətlə yetirən, soyqırımlar törədən, bir milyon insanı didərgin salan Ermənistandır, ermənilərdir!

Azərbaycan yalnız 30 ildən sonra işğaldan qurtulub, torpaqlarını azad edib – vəssalam! Biz heç kəsin beynəlxalq səviyyədə tanınan ərazisinə girməmişik, heç bir dinc sakini öldürməmişik, soyqırım törətməmişik...

Azərbaycan Ermənistanın dağıtdığı, Yer üzündən sildiyi şəhər-kəndlərini bərpa etmək üçün 20 milyard xərcləyib, hələ 200 milyard da xərcləyəcək – yəni bu yaraları sağaltmaq üçün hələ bizə onillər lazımdır;

Ermənilərin işgəncə verdiyi mülki insanlar, müharibədə əlil olan igidlər hələ sağdır; erməni qəlpəsini canında gəzdirənlər hələ həyatdadır; ermənilərin bütün gəncliyini, həyatını, yaşamını məhv etdiyi böyük bir nəsil hələ qırılıb qurtarmayıb.

Hara uçub-qaçırsınız? Hara soxulursunuz? Dayanın, biz qırılıb-qurtaraq, ölək, bizimlə birgə ermənilərin etdiklərini də unudun – onsuz da yaddaşınız yoxdur sizin, sonra ermənilərlə cükküldəşərsiniz də!!!

Bir erməni səfir, erməni jurnalist Azərbaycanın Prezidentini azərbaycanca salamlayıbmı?

Bir erməni jüri azərbaycanlı iştirakçıya yüksək bal verib, bağrına basıbmı?

Kim ilk addımı atmalıdır? Xocalı soyqırımını törədənlər, Azərbaycanın 20 faiz ərazisini 30 il işğalda saxlayanlar, bir milyon azərbaycanlını 30 il didərgin salıb, yüzminlərlə insanın yurd həsrəti ilə çatlayıb ölməsinə bais olanlar, şəhər-kəndlərimizi silib-süpürüb xarabazara çevirənlər, işğaldakı torpaqlarımızda təbii sərvətlərimizi talayıb, milyardlar qazananlar, yoxsa biz?

Bu nə yaltaqlıqdır girib sizin canınıza?!

Sizin yadınıza, türkün məsəli, salım: Bax bu ermənicə salam verdiyiniz Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” demişdi! Onu Azərbaycan ərazisini tanımağa məcbur edən İlham Əliyevdir!

Heç dəxli var?! – ingiliscə salamını ver, çıxışını elə, sözünü de, özünü bu şərəfli ölkənin məğrur diplomatı kimi apar da!

Yəni siz İlham Əliyevi görmürsünüz? Baxmırsınız o özünü necə aparır?

Əlinizə mikrofon alan kimi qarşınızdakına yaltaqlanmaq istəyi sizdə necə baş qaldırır?

Axar.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar