Bu gün Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə məşhur plastik cərrah Rəşad Babayevin Səhiyyə Nazirliyinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edib.
Cərrah sertifikatının ləğvinin ədalətsizlik olduğunu düşünür və nazirliyin əmrinin ona aid hissəsinin ləğvini istəyir.
Bakupost.az -ın əməkdaşı məhkəmə iclasında iştirak edə və həkimin vəkillərindən müsahibə ala bilməsə də, prosesdən sonra Rəşad Babayevdən açıqlama almağa müvəffəq olub.
Rəşad Babayev qeyd edib ki, müraciətinin məqsədi məhkəmə prosesinin obyektiv və şəffaf şəkildə aparılmasına diqqət çəkmək olub.
O bildirib ki, həkimlərin ixtisas seçməsi könüllüdür. Ancaq buna rəğmən Səhiyyə Nazirliyi tərəfindən plastik cərrahiyyə üzrə dosent kimi işlədiyi təhsil müəssisəsinə - Həkimlərin Təkmilləşdirmə İnstitutuna bir neçə dəfə onun ümumi cərrah kimi sertifikasiya imtahanına göndərilməsi ilə bağlı göstəriş verilib. R.Babayev bildirib ki, bununla bağlı nazirliyə ünvanladığı etiraz məktublarının nəzərə alınmadığını düşünür.
Həkim hesab edir ki, sözügedən addımlar onun plastik cərrah kimi fəaliyyətini məhdudlaşdırmağa yönəlib və məhkəmə çəkişməsindən geri çəkilməsi üçün təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.
Rəşad Babayev hazırda plastik və rekonstruktiv cərrahiyyə sahəsində fəaliyyət göstərdiyini və məhkəmə vasitəsilə hüquqlarının bərpasına çalışdığını bildirib.
Bugünkü məhkəmə prosesinin gedişi barədə danışan Rəşad Babayev qeyd edib ki, məhkəmə hazırlıq iclasını başa çatdıraraq işin mahiyyəti üzrə baxış mərhələsinə keçib.
Onun sözlərinə görə, əvvəlki iclasda məhkəmə tərəfindən Səhiyyə Nazirliyinə iddia ərizəsinə əlavə edilmiş fakt və arqumentlərə münasibət bildirmək üçün vaxt verilsə də, nazirliyin nümayəndəsi növbəti iclasda iştirak etməyib. Babayev bunu cavabdeh tərəfin irəli sürülmüş fakt və dəlillərə münasibət bildirməkdən yayınması kimi qiymətləndirdiyini bildirib.
Məhkəmə prosesində səsləndirilən məlumatlar və tərəflərin mövqeləri araşdırılmaqda davam edir. İş üzrə növbəti məhkəmə iclası 3 iyul 2026-cı il tarixinə təyin olunub.
Lalə Novruz,
BakuPost