Bir neçə gün öncə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başladığı barədə məlumat yayılıb.
"Bakupost" xəbər verir ki, Milli Aviasiya Akademiyasından Modern.az-a keçmiş nazirin hazırda İqtisadiyyat kafedrasının müdiri vəzifəsində çalışdığı bildirilib.
Bununla yanaşı, Səlim müəllimin başqa bir vəzifəsi də varmış. Belə ki, o, “Audit” Elmi-praktik jurnalında Redaksiya Heyətinin də üzvüdür. Bu jurnalda da Səlim Müslümov Milli Aviasiya Akademiyasının İqtisadiyyat kafedrasının müdiri kimi təqdim olunub.
Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən müxtəlif yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.
Keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. S. Müslümov iş üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib.
2024-cü ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində S.Müslümova hökm oxunub. Hökmə əsasən S.Müslümov ittiham edildiyi maddələrlə təqsirli bilinib. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bu cəzanı 5 il sınaq müddəti təyin edilməklə şərti cəza ilə əvəzləyib (yəni o, birbaşa həbsxanaya göndərilməyib) .
Məhkəmənin şərti cəza qərarı verməsinə əsas səbəb kimi onun istintaq dövründə dövlətə dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətində yaranan ciddi problemlər əsas gətirilib
Sabiq nazirin cinayət yolu ilə əldə etdiyi iddia olunan və üzərinə həbs qoyulmuş 8 milyon manat dəyərindəki daşınmaz əmlakları (Bakı şəhərindəki müvafiq mənzillər, fərdi evlər, qeyri-yaşayış sahələri və torpaq sahələri) dövlət nəfinə müsadirə olunub.