Ru
17:11 / 24 İyun 2026

Sənədsiz evlərlə bağlı təklif: Evin qiymətinin 3 faizini ödə, “kupça” al

Sənədsiz evlərlə bağlı təklif: Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Eye

Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycanda 500 minə yaxın sənədsiz, qeyri-qanuni hesab olunan evlərlə bağlı maraqlı təkliflə çıxış edib.

Deputat sənədsiz ev sahiblərinin bazar qiymətinin 3 faizi qədər büdcəyə pul ödəməsini və bu əsasda dövlətin də onlara “kupça” verməsini təklif edib.

Cəfərov fikrini Türkiyə misalı ilə əsaslandıraraq deyib ki, bu ölkədə "İmar Barışı" proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz evə dəyərinin 3%-i qədər ilkin rüsum ödənilməklə çıxarış alınıb.

Daşınmaz əmlak üzrə ekspert Ramil Qasımov Bakupost.az-a bildirib ki, bununla bağlı qanunvericilikdə praktika mövcuddur:

“Deputatın dedikləri müəssisələr, qeyri-yaşayış obyektlərilə bağlı olaraq dövlət torpaqlarında həyata keçirilib. Dövlət torpağından istifadə edən müəssisələr, qeyri-yaşayış obyektləri Bakıda bazar dəyərinin 3 faizi, Naxçıvan və rayonlar üzrə isə 2 faiz məbləğində icarə müqaviləsinə cəlb olunurlar. Yaşayış sahələrində isə məsələ bir qədər fərqlidir. Yaşayış sahələrində bir çox vətəndaşlar bələdiyyə torpaqlarını zəbt edib. Əvəzində nə bələdiyyə, nə də digərlərinə buna görə heç bir vəsait ödəmirlər. Mövcud vəziyyətdə bələdiyyələr müqavilə bağlanılması üçün vətəndaşlara müraciət etməlidir. Bu fonda da həmin torpaq sahələrinin bazar dəyərinə uyğun qiymətləndirilməsi həyata keçirilməli və həmin sahə vətəndaşa satılmalıdır. Yəni gələcəkdə yaşayış sahələri üzrə bələdiyyə torpaqlarında da anoloji praktikadan istifadə etmək olar”.

Ekspert bu əsasda düşünür ki, torpağın mülkiyyət məsələsi həll olunsa, üzərindəki tikiliyə çıxarışın verilməsi o qədər də böyük problem olmayacaq:

“Vətəndaş üzərində olduğu bələdiyyə mülkiyyətindəki torpağı özəlləşdirmək istəmədikdə gələcəkdə onu icarə əsasında da həyata keçirə bilər”.

Müsahibimiz deyir ki, torpaq heç nəsiz əldə oluna bilməz, onun alışı alqı-satqı yolu ilə həyata keçməlidir:

“Yoxsa, hər gün kim istəsə hansısa torpaq sahəsini zəbt edər və gələcəkdə onun qarşısını almaq da olmaz.

Sənədsiz evlərlə bağlı vətəndaş həmin torpaqları mülkiyyətə almayıb. Mülkiyyətə götürülən torpaq sahələrilə bağlı heç bir problem yoxdur. Tutaq ki, həmin torpaq vətəndaşa heçnəsiz bağışlanıb. Amma gələcəkdə həmin ərazidə məsələn yol çəkilərsə, vətəndaş da dövlətdən kompensasiya istəyəcək. Vətəndaşa deyilir ki, ya torpağı özəlləşdirsin, ya da icarəyə götürsün. İcarəyə götürəndə isə bazar dəyərinə uyğun olaraq yerindən asılı olmaqla 2-3 faiz məbləğində icarə haqqı ödəməlidir. Razıyam ki, sənədsiz evləri vətəndaş elə-belə əldə etməyib. Amma buna görə xüsusən də mülkiyyət sənədi tələb edilməli idi”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar