Ru
12:18 / 16 İyul 2026

“Sənin ziyarətin əsla qəbul olmaz!” – İlahiyyatçı müğənniləri müdafiə etdi

“Sənin ziyarətin əsla qəbul olmaz!” – İlahiyyatçı müğənniləri müdafiə etdi
Eye

Nüşabə Musayevanın ziyarət videosu şou əhlinin Həcc, Ümrə, Kərbəla və ya Məşhəd ziyarətinə getməsi mövzusunda müzakirələrə yeni start verib. Həm də onun cəmi bir neçə gün öncə “cəsarətli” rəqs görüntülərinin yayılmasından sonra.

Kişi müğənilər bir yana, qadın sənətçilər ziyarətdən görüntülər paylaşımları həmişə onların ünvanına sərt tənqidr, bəzən isə təhqirlərlə müşayiət olunur.

Bəs dini baxımdan bu məsələyə necə yanaşılır? İlin 365 günündən ən azı 360-ını yarıçılpaq görkəmlə cəmiyyət arasına çıxan, yəni şəriət ehkamlarını pozan şəxslərin ziyarəti qəbul olunurmu?

"Bakupost" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məsul əməkdaşı Samid Quliyev “Yeni Sabah”a dini baxımdan ziyarətə getmək hər bir müsəlmanın haqqıdır deyib:

“Bir insanın sənəti, peşəsi və ya cəmiyyətdə tanınmış şəxs olması onu Allahın rəhmətindən və tövbə qapısından məhrum etmir. Həcc, Kərbəla və Məşhəd kimi məkanlara ziyarət etmək hər bir mömin üçün mənəvi kamilləşmə və Allaha yaxınlaşma vasitəsidir.

Son illər tanınmış simaların ziyarətlərinin sosial şəbəkələrdə geniş müzakirə olunması daha çox cəmiyyətin məşhurlara göstərdiyi diqqətlə bağlıdır. Təəssüf ki, bu müzakirələr bəzən etik çərçivəni aşır, insanların dini hissələri və şəxsi ibadətləri hədəfə çevrilir. Xüsusilə qadın sənətçilərə qarşı sərgilənən daha sərt münasibət daha çox cəmiyyətdə formalaşmış stereotiplərdən qaynaqlanır. İslam isə insanlara eyni meyarlarla yanaşmağı, ədalətli olmağı və heç kəsi əsassız şəkildə qınamamağı tövsiyə edir”.

İlahiyyatçı qeyd edib ki, insanların imanını dəyərləndirmək heç kimin səlahiyyətində deyil:

“Heç kəs başqa bir insanın qəlbindəki imanın səviyyəsini ölçə bilməz. İnsanın Allahla münasibəti onun şəxsi məsələsidir və bu barədə son hökmü yalnız Uca Allah verir. Qurani-Kərim və İslam əxlaqı insanları bir-birini təhqir etməkdən, alçaltmaqdan və pis zənnə qapılmaqdan çəkindirir. Əgər tanınmış bir şəxs ziyarətə gedirsə, bunu istehza və təhqir mövzusuna çevirmək əvəzinə, həmin addımın onun mənəvi həyatında müsbət dəyişikliklərə səbəb olmasını arzulamaq daha doğru yanaşmadır. Çünki hidayət, tövbə və mənəvi inkişaf üçün heç vaxt gec deyil. Din insanları uzaqlaşdırmağa deyil, onlara doğru yolu göstərməyə xidmət edir. Buna görə də social şəbəkələrdə insanların ziyarətini və ya ibadətini məsxərəyə qoymaq, onların imanını mühakimə etmək nə dini, nə də mənəvi baxımdan düzgün hesab oluna bilməz”.

Xatırladaq ki, Azərbaycan şou-biznesinin bir sıra tanınmış xanım nümayəndələri dini ziyarətlərə yollanıblar. Müxtəlif vaxtlarda müğənnilər Rəqsanə İsmayılova, Mətanət Əsədova, Mənzurə Musayeva, Nazənin, Təranə Qumral, Xuraman Şuşalı, Zülfiyyə Xanbabayeva, Damla, Nüşabə Musayeva, eləcə də aktrisa Kəmalə Piriyeva, Məleykə Əsədova Ümrə, Məşhəd və Kərbəla ziyarətlərində olduqlarını ictimailəşdiriblər. Onların ziyarətləri əsasən şəxsi sosial media paylaşımları ilə gündəmə gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar