Bir çox insan qatran sabununu yalnız kosmetoloji vasitə kimi qəbul edir. Lakin ondan müxtəlif səthlərdə və məişət əşyalarının təmizlənməsində də istifadə etmək olar. Xüsusilə də sentyabrın ortalarından havaların sərinləməsi ilə infeksion-respirator xəstəliklərə qapı açılacaq. Ona görə də bu “qapı”nı dezinfeksiya etmək lazımdır ki, təhlükənin qarşısı vaxtında alınsın.
"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, qatran sabununun istifadə olunacağı bakterial mühit bunlardır:
1. Döşəmə
Təmizlik üçün 5 litr ilıq suya təxminən 1 xörək qaşığı sürtkəcdən keçirilmiş sabun qırıntısı əlavə etmək kifayətdir. Təmizlikdən sonra döşəməni təmiz su ilə silmək məsləhətdir.
2. Ayaqqabılar
Nəm fırçanı sabunlayın və ən çirkli hissələri sürtün. Sabun inadkar çirkləri zərif, lakin effektiv şəkildə təmizləyir; sonda ayaqqabıları təmiz və nəm bir parça ilə silmək kifayətdir.
3. Xalçalar
Bir çay qaşığı sürtgəcdən keçirilmiş sabunu 0,5 litr ilıq suda həll edin. Yaranan köpüyü yalnız çirkli hissəyə çəkin, fırça ilə yüngülcə sürtün və təxminən 5-10 dəqiqə gözləyin. Daha sonra, sabun qalıqlarını təmizləmək üçün həmin hissəni təmiz və nəm parça ilə bir neçə dəfə silin. Xalçanı təmizləməyə başlamazdan əvvəl məhlulu gözə çarpmayan bir hissədə yoxlamaq yaxşı olar.
4. Hamam otağı avadanlıqlar
Əl-üz yuyan və ya vannalar üçün belə sabun məhlulu hazırlaya bilərsiniz: təxminən 1 xörək qaşığı sabun qırıntısını 0,5 litr ilıq su ilə qarışdırın, bir xörək qaşığı da sirkə əlavə edin. Məhlulu süngər vasitəsilə çirkli hissələrə çəkin, 5 dəqiqə saxlayın və silib təmizləyin.