Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaçın səhhəti ilə bağlı narahatlıq doğuran məlumat yayılıb.
Bakupost.az xəbər verir ki, uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən sənətçi son 15 gündür müalicə alır. Türkiyə mətbuatının məlumatına görə, Ortaçın sağlamlıq vəziyyətində yaşanan problemlər səbəbindən həkim nəzarəti altında olduğu bildirilib.
Məlumatlarda qeyd olunur ki, son dövrlərdə hərəkət qabiliyyətində çətinliklər yaşayan müğənninin müalicəsi davam etdirilir. Sərdar Ortaç uzun müddətdir MS xəstəliyi ilə mübarizə aparır və zaman-zaman səhhəti ilə bağlı açıqlamaları ilə gündəmə gəlir.
Türkiyəli sənətçinin yaxın ətrafının verdiyi məlumata görə, hazırda onun müalicə prosesi nəzarət altında davam edir və həkimlər vəziyyəti yaxından izləyirlər.
Qeyd edək ki, Sərdar Ortaç son illərdə xəstəliyin yaratdığı çətinliklər barədə dəfələrlə danışıb. O, bəzi hallarda yeriməkdə çətinlik çəkdiyini, davamlı ağrılar yaşadığını və mütəmadi dərman qəbul etdiyini açıqlamışdı.
Sənətçinin pərəstişkarları sosial şəbəkələrdə ona dəstək mesajları göndərərək tezliklə sağalmasını arzulayıblar.