Ru
14:46 / 17 Oktyabr 2026

Şərif Ağayar: “Bəlkə də Nəsimi Musayev erməni qadına görə ora gedib” - VİDEO

Eye

Yazıçı Şərif Ağayar Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin bu ölkəyə erməni qadınla görüşmək üçün getmiş ola biləcəyi ehtimalını irəli sürüb.

"Bakupost" xəbər verir ki, o, bu barədə aparıcısı olduğu “Yazıçı Postu” layihəsində danışıb.

Ş.Ağayar hərbçinin Ermənistan ərazisində nə axtardığı sualının hələ də açıq qaldığını bildirib. Onun sözlərinə görə, Nəsimi Musayevin yolunu azaraq həmin əraziyə gəlib çıxması inandırıcı görünmür.

"Yolunu azması ehtimalı da var. Amma mən həmin coğrafiyanı az-çox tanıdığım qədərilə, insanın yolunu azaraq ora gəlib çıxması inandırıcı görünmür. Kənddən axı hiss edirsən ki, burada belə abad müsəlman kəndi yoxdur. Azərbaycanlıların yaşadığı kəndlər dağıdılıb, evlər viran qoyulub. Bəs o, həmin evə necə yaxınlaşıb? Oxuduğum məlumatlardan bu məsələyə aydınlıq gətirə bilməmişəm".

Yazıçı mümkün ehtimallardan birinin hərbçinin erməni qadınla münasibətinin olması və həmin qadının ona “İnstagram” vasitəsilə ünvan göndərməsi olduğunu deyib. O, bu versiyanın təsdiqlənmədiyini də xüsusi vurğulayıb.

“Lakin əgər həqiqətən belədirsə, mən bu məsələyə diplomatiyanı, siyasəti və müharibəni bir kənara qoyaraq, sırf yazıçı gözü ilə baxıram. Bu, doğrudan da, olduqca möhtəşəm hadisədir. Bəlkə də heç bir yazıçının uydurmağa risk etməyəcəyi bir hadisəni insan real həyatda yaşayır. Məşhur bir ifadə var: "Tanrı olmasaydı belə, onu uydurmaq lazım gələrdi". Mən təklif edirəm ki, belə bir hadisə həqiqətən olmayıbsa belə, yazıçılarımız bunu uydurmaqda yubanmasınlar. Çünki bu, həm də vətəndaş sülhünə atılan bir addımdır və “Əsli və Kərəm” əhvalatına göndərmədir”, - deyə yazıçı bildirib.

Xatırladaq ki, sentyabrın 26-da Nəsimi Musayevin Laçın rayonu istiqamətində xidmət yerində olmadığı müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda İrəvanda saxlanılır.

Lalə, Bakupost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar