Ru
23:08 / 15 May 2026

Sertifikatı ləğv edilən tanınmış cərrah Səhiyyə Nazirliyini məhkəməyə verdi - Detallar

Sertifikatı ləğv edilən tanınmış cərrah Səhiyyə Nazirliyini məhkəməyə verdi - Detallar
Eye

Bu gün Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında cavabdeh Səhiyyə Nazirliyinin müvafiq əmri ilə sertifikatı ləğv edilmiş iddiaçı, plastik cərrah Rəşad Babayevin işinə baxılıb.


Bakupost.az xəbər verir ki, məhkəmə iclasında Rəşad Babayevlə yanaşı onun vəkilləri də iştirak edib.

İclasda hakim bildirib ki, iddiaçının nümayəndələri və vəkilləri məhkəmə sisteminə vəsatət və iddianın dəqiqləşdirilməsini yerləşdiriblər. Proses zamanı vəsatət və iddia ərizəsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Belə ki, iddiaçı Rəşad Babayevin uzun illər plastik cərrah kimi fəaliyyət göstərməsi, Həkimlərin Təkmilləşmə İnstitutunun plastik cərrahiyə kafedrasının dosenti olması, həmin kafedrada bu günə qədər kifayət qədər rezidentlərin birbaşa yetişdirilməsində rolunun olmasına baxmayaraq, Səhiyyə Nazirliyi tərəfindən heç bir əsas göstərilmədən və inzibati araşdırma aparılmadan onun sertifikatı ləğv edilib.

Bundan əlavə, məhkəmə iclasında Rəşad Babayev çıxış edərək bildirib ki, plastik cərrahiyyə üzrə ilk rəsmi kafedranın formalaşdırılmasında, rezidentura təhsilinin yarandığı dövrdən bu günədək həmin prosesdə və rezidentlərin hazırlanmasında bilavasitə iştirak edib.

Həmçinin R.Babayevin vəkilləri qeyd ediblər ki, Vətən müharibəsi dövründə könüllü olaraq müharibədə iştirak edən R.Babayev qazilərin xəsarətlərinin plastik cərrahiyyəsini həyata keçirməsinə görə dövlət tərəfindən təltif olunmasına baxmayaraq, Səhiyyə Nazirliyi tərəfindən ona qarşı qərəzli mövqe sərgilənib.

İclasda o da qeyd olunub ki, Rəşad Babayevlə eyni vəziyyətdə olan şəxslər, o cümlədən onun yetişdirdiyi tələbələr xüsusi təftiş komissiyasının araşdırması nəticəsində Səhiyyə Nazirliyinin əmri ilə sertifikatsız, rezidentura təhsili olmadan plastik cərrahiyyə fəaliyyəti ilə məşğul ola bildiyi halda, Rəşad Babayevin bu fəaliyyəti məhdudlaşdırılıb.

Həmçinin bildirilib ki, 19 mart 2026-cı il tarixli Səhiyyə Nazirliyinin əmri ilə əvvəlki qaydalardakı kimi ixtisas dəyişməsinə icazə verilməsi və bunun üçün rezidentura təhsilinin tələb olunmaması müəyyən edilsə də, həmin əmrin 16-cı bəndində sertifikatı ləğv edilmiş həkimlərə münasibətdə bu qaydaların tətbiq olunmadığı göstərilib. Əslində isə əmrlə və məhkəmə icraatı zamanı o da müəyyən edilib ki, Rəşad Babayev kimi onun vəziyyətində olan, sertifikatları ləğv edilmiş şəxslərin hüquqlarının bu formada məhdudlaşdırılması özü də Səhiyyə Nazirliyi tərəfindən atılmış növbəti qərəzli addım idi.

Məhkəmə iclasında bildirilib ki, həkimlərin sertifikatının ləğvi qaydaları həmin dövrdə Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənsə də, səlahiyyət Sertifikasiya Şurasına aid olduğu halda, proses Səhiyyə Nazirliyi tərəfindən yaradılmış, tərkibi əsasən məmurlardan ibarət, tərkibində mütəxəssis həkimlərin olmadığı Xüsusi Təftiş Komissiyası tərəfindən həyata keçirilib.

Bundan başqa, xüsusilə vurğulanıb ki, Səhiyyə Nazirliyinə məhkəmə tərəfindən dəfələrlə şifahi və yazılı formada sorğular verilməsinə baxmayaraq, iddiaçı tərəfin vəsatəti ilə tələb olunan sənədlər bu günə qədər tam şəkildə təqdim edilməyib. Bu sənədlər, xüsusən inzibati icraat materiallarıdır və bu materialların düzgün toplanılmaması, bu günə qədər barəsində inzibati araşdırma aparılan şəxsə təqdim edilməməsi, ümumiyyətlə onun inzibati icraata cəlb olunma qaydalarının və inzibati cəza tətbiq olunma qaydalarının düzgün təşkil edilməməsi məhkəmə prosesində səsləndirilib. Məhkəmə də öz mövqeyində həmin məlumatların iddianın əsaslandırılmasında və gələcəkdə sübut kimi məhkəmə tərəfindən nəzərə alınacağını vurğulayıb.

Hakim məhkəmə iclasının sonunda iddia ərizəsi və vəsatətin bugünkü tarixdə elektron məhkəmə sisteminə yerləşdirildiyini, Səhiyyə Nazirliyinin, yəni cavabdeh inzibati orqanın və məhkəmənin həmin sənədlərlə tanış ola bilməməsini əsas gətirərək hazırlıq iclasının iyun ayına təxirə salınmasını təmin etdi.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar