Ru
15:17 / 01 Oktyabr 2025

Səsin və ruhun zirvəsi - Mənsum İbrahimov 65 yaşında

Səsin və ruhun zirvəsi - Mənsum İbrahimov 65 yaşında
Eye

Bu gün Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Mənsum İbrahimovun 65 yaşı tamam olur. Onun ömür yolu, sənət tarixi və yaratdığı məktəb təkcə bir ifaçının uğurları deyil, bütöv bir milli musiqi məktəbinin taleyidir.


Mənsum İbrahimov təkcə xanəndə kimi yox, həm də opera səhnəsində milli musiqimizin simvoluna çevrilib. O, “Leyli və Məcnun” operasında Məcnun rolunu elə ustalıqla ifa edib ki, artıq bu obraz onun sənət taleyi ilə birləşib. Məcnunun dərdini, məhəbbətini, yanğısını səhnədə yaşayaraq tamaşaçıya ötürmək hər ifaçının bacarığı deyil – bunun üçün həm gözəl səs, həm də böyük ürək lazımdır.

O, “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı kimi bir çox baş partiyalarda çıxış edib. Muğamın incə çalarlarını opera dramaturgiyası ilə birləşdirməyi bacaran nadir sənətçilərdəndir.

Mənsum İbrahimovun sənətkar ömrünün ən qiymətli səhifələrindən biri də pedaqoji fəaliyyətidir. Onun tələbələri bu gün Azərbaycanın tanınmış xanəndələridir. Muğam müsabiqələrinin qalibləri, beynəlxalq festivalların laureatları arasında Mənsumun yetişdirdiyi istedadlı gənclər çoxluq təşkil edir.

O, tələbələrinə təkcə səsin sirrini yox, həm də sənətə sədaqəti, muğama xidmətin əzmini öyrədir. Onun məktəbindən çıxan hər bir gənc sənətçi ilk növbədə “çörəyə çatdıran ustad” anlayışını yaşadır – çünki Mənsum müəllim sənəti həm də gündəlik həyatın dayağına çevirir.

Bir zamanlar Ulu öndər Heydər Əliyev vaxtilə ustad Arif Babayevə demişdi – “Bu gün muğamın Xanı sənsən”. Bu ifadədə böyük Xan Şuşinskinin adı, ənənəsi, zirvəsi gizlənirdi. Xan Şuşinski Azərbaycan muğamının ustadlar ustadı idi, muğamda səsin və ruhun zirvəsi idi.
Bu gün həmin status, həmin məqam – müasir dövrün "Xan"ı adı daha çox Mənsum İbrahimova yaraşır. Onun səsi də, ifası da, pedaqoji məktəbi də bu ağır, şərəfli adı daşımağa layiqdir. Mənsum İbrahimov təkcə bir xanəndə yox, bir məktəbdir.

UNESCO səviyyəsində “Yaşayan insan xəzinəsi” adına layiq görülən Mənsum İbrahimov muğamı Azərbaycanın sərhədlərindən çıxarıb dünyaya tanıdan sənətkarlarımızdandır. Onun səsi Parisdə də, Moskvada da, Ankarada da, Tokioda da Azərbaycan ruhunu, Qarabağın nəfəsini, Şuşanın dağlarının ətrini çatdırıb.

Bu gün Mənsum İbrahimov 65 illik ömrünün hesabatını xalqına verir. Amma bu hesabat kağız üzərində deyil – onun səsi ilə, yaratdığı obrazlarla, yetişdirdiyi tələbələrlə, yaşatdığı muğamla doludur.

Azərbaycan xalqı, muğamsevərlər, sənət dünyası bu gün Mənsum İbrahimovu yalnız təbrik etmir – həm də ona minnətdarlığını bildirir. Çünki bu ömür həm milli irsin qorunması, həm də gələcək nəsillərə ötürülməsi yolunda sərf olunub.

Ad günün mübarək, sənətin Xanı!

İltifat HACIXANOĞLU


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar