Səudiyyə Ərəbistanının vəhhabilikdən imtina etməsi ilə bağlı müxtəlif beynəlxalq KİV-lərdə məlumatlar yayılır.
Bu İslam ölkəsi onilliklər boyunca ölkənin əsas dini və siyasi sütunlarından biri sayılan vəhhabilik (sələfilik) məzhəbindən faktiki olaraq uzaqlaşaraq yeni inkişaf mərhələsinə qədəm qoyur.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi ilə həyata keçirilən bu transformasiya krallığı radikal baxışlardan xilas etmək və dünyaya açıq, mötədil dövlət modelinə keçirmək məqsədi daşıyır.
Səudiyyə rəhbərliyi radikal ideologiyaların kökünü kəsmək, dini dözümlülüyü artırmaq və ölkəni mötədil İslam xəttinə qaytarmaq niyyətində olduğunu açıqlayıb.
Mütəxəssislər bildirir ki, Səudiyyə Ərəbistanının "Post-Vəhhabi" dövrünə keçidi yalnız ölkə daxilində deyil, bütövlükdə Yaxın Şərqdə və İslam dünyasında dini-siyasi balansı yenidən formalaşdıracaq.
Siyasi şərhçi Rufiz Hafizoğlu
Bakupost.az-a bildirib ki, İslam dünyasında, Şərqdə bu islahat qaçılmazdır:
“İslam dünyasının modern məsələlərə, modern yanaşmaya ehtiyacı var. Bu Səudiyyə Ərəbistanına, Azərbaycandakı dindar müsəlman təbəqəyə aiddir, Türkiyədəki dindar, mühafizəkar, modern mühafizəkar təbəqələrin hamısının bu gün ən çox ehtiyacı olan mövzulardan biridir. İslam dünyasında müxtəlif islam ənənələr var, şiə və sünni dünyası. Amma sünni dünyasının özü də bölünüb. Burada Misir, Səudiyyə, Türkiyə, Hind-Pakistan, Malay məktəbləri var. Bu məktəblər arasında hər zaman olmaq uğrunda mübarizə gedib. Türk-islam düşüncəsi səudiyyəliləri hər zaman vəhhabi kimi qələmə verib. Baxmayaraq ki, Səudiyyənin özü bu termindən istifadə etmir”.
Ekspert qeyd edir ki, Səudiyyə Ərəbistanına sıradan bir dövlət kimi baxmaq olmaz:
“Əl-Riyad bölgə ölkələri arasında ən güclü kəşfiyyata malik olan ərəb dövlətidir. Bu ölkənin bu günki və uzun vədəli hədəflərindən biri “yumşaq güc” olmaq məsələsidir. Vəliəhd şahzadə Məhəmməd bin Salman zamanından başlayan islahatlar olduqca ciddi islahatlardır. 3 il bundan əvvəlki Səudiyyə Ərəbistanı ilə bu günki Səudiyyə Ərəbistanı eyni deyil, tamamilə fərqlidir. İstər qadın hüquqları, istər ictimai aktivlik sahəsində, istərsə də əyləncə kimi sahələrdə. Həyatın elə bir sahəsi yoxdur ki, burada islahatlar aparılmasın”.
Müsahibimiz deyir ki, Əl-Riyad yeni bir yanaşma modeli təqdim etməyə çalışır:
“Bu İslamın içində mövcud olan, lakin yanlış yanaşma nəticəsində radikallaşmış, sərt istiqamətə yönəlmiş xoşgörünü daha normal şəkildə ortaya çıxarmaqdan ibarətdir”.
Siyasi şərhçinin sözlərinə görə, Əl-Riyad vəhhabilikdən imtina etmir:
“Bu məsələyə vəhhabilik və yaxud sələfilikdən imtina deyil. Heç bir halda, Səudiyyə Avropa olmayacaq. Sadəcə olaraq, məsələlərə yeni prizmadan yanaşmağa başlayıblar. Bu il həyata keçirilən Həcc ziyarəti və orada tərtib olunan rahatlıq keçən illərdə yox idi. Səudiyyədə rəhbər işçilərin 45 faizini qadınlar təşkil edir. Həmçinin, bəlli yerlərdə Avropa mədəniyyətini təlqin etmək istəyən insanlara şərait yaradılır.
Bir sözlə, Səudiyyə yeni hədəflərə çatmaq üçün “daha yumşaq güc” modelindən istifadə etməyə başlayıb. Zamanında, on-on beş il əvvəl bunu Qətər də edib. Bu radikal islamçılardan qurtulma təşəbbüsü kimi qiymətləndirilir”.
Rüfət Sultan,
BakuPost