Şimali Koreya hərbi raket bölməsini Rusiyanın qərbində yerləşdirməyə başlayıb.
Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andriy Çernyak bildirib ki, bu bölmənin Ukraynaya zərbələr endirmək üçün 120 ballistik raket və altı buraxılış qurğusu ilə təchiz olunacağı ehtimal edilir. Voronej vilayətində təxminən 90 şimali koreyalı hərbçisi yerləşib.
Hərbi ekspert İbrahim Rüstəmli
“Bakupost”a bildirib ki, Rusiya müharibənin ilk dövründə özünün silah-sursatından kütləvi şəkildə istifadə etməklə, qısa zamanda onların tükənməsinə səbəb olub:
“Müharibə həmçinin, Rusiyanın silah arsenalının nə qədər bəsit çeşidlərlə təmin olunduğunu göstərdi. Ukrayna isə ordunun modernləşdirilməsi istiqamətində daha da irəli gedib. Xüsusən də uçan pilotsuz aparatlar məsələsində. Rusiya isə beynəlxalq arenada təklənib. Ona görə də müharibədə hər cür vasitəyə əl atır”.
Müsahibimizin sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasının raket bölməsinin Rusiyanın Ukrayna ilə sərhədində yerləşdirilməsi Moskvanın onun dəstəyinə ehtiyac duyduğunu göstərməklə yanaşı, həm də Kremlin Ukraynaya ballistik raketlərlə təzyiq göstərmək niyyətindən xəbər verir.
Amma ekspert Şimali Koreyadan gətirilən ballistik raketlərin Rusiyanın müharibədəki məqsədlərinə çatmaqda strateji rol oynayacağına inanmır:
“Aydın məsələdir ki, Ukrayna sərhədinə gətirilən raketlər bəzək üçün deyil. Həmin raketlərin Ukrayna ərazisinə atılacağı ehtimalı böyükdür. Lakin onun müharibənin gedişinə, döyüş prosesinə həlledici təsir göstərəcəyi barədə danışmaq hələ tezdir. Çünki müharibə Qərbin zərgər dəqiqliyilə hazırladığı ssenari əsasında gedir. Müharibənin konturları çəkilib, ssenarisi yazılıb. Rusiya bataqlığa salınıb, o çökəcək. Müharibənin nəticələri də onun uçün uğurlu olmayacaq. Rusiya həm də uğursuz informasiya müharibəsi aparır”.
Rüfət Sultan,
BakuPost