“Rusiya Seqodnya” media qrupunun baş redaktoru, erməni şovinisti Marqarita Simonyan son seçkilərdə Paşinyana səs verən Ermənistan vətəndaşlarının Rusiyaya girişini qadağan etməyə çağırıb və hətta bunun “yolunu” da “göstərib”.
O təklif edib ki, sosial mediadan istifadə edərək Paşinyanı dəstəkləyən erməniləri müəyyənləşdirib, onların Rusiyaya girişinə birdəfəlik qadağa qoymaq lazımdır.
Simonyan sərhədçilərin sərhəddə belə şəxsləri çox rahat və asanlıqla müəyyən edə biləcəyini də qeyd edib.
Bu fonda o, Gürcüstanı misal çəkərək, bildirib ki, Abxaziya və Cənubi Osetiyaya dair fərqli mövqeyi olanı Tiflisə buraxmırlar.
Moskva bu varianta gedə bilərmi?
Siyasi şərhçi Abutalıb Səmədov
Bakupost.az-a bildirib ki, Rusiya hakimiyyəti proqnozlaşdırılması çətin olan və bəzən kifayət qədər böyük yanlış addımlar atsa da, Simonyan səviyyəli jurnalistlərdən ağıllıdır:
“Rusiya hakimiyyətində müəyyən şəxslər anlayır ki, belə addımların atılması Paşinyana səs vermiş insanların Rusiya nifrətini bir qədər də artıracaq”.
Ekspertin sözlərinə görə, Simonyanın dediyini etmək Rusiya üçün Ermənistanın üstündən birdəfəlik xətt çəkmək demək olacaq:
“Adətən seçkilərdə hansısa siyasi liderə səs verən seçicilərin bir hissəsinin mövqeyi növbəti seçkilərdə dəyişir. Tamamilə mümkündür ki, bu seçkilərdə Paşinyana səs verənlər, növbəti seçki marafonunda digər namizədlərə səs versin. Çünki seçici mövqeyi dəyişkəndir. Rusiyada bunu anlayanlar başa düşür ki, Simonyanın dediyini etmək Ermənistanın üstündən birdəfəlik xətt çəkmək deməkdir. Yəni bu fonda Ermənistan bir daha Rusiya orbitinə geri qayıtmayacaq”.
Həmsöhbətimiz qeyd edir ki, Marqarita Simonyanın sayıqlaması seçicilərlə iş aparmağın yolu deyil:
“Əksinə, Rusiyaya gələn ermənilərə daha diqqətli münasibət göstərilsə, Paşinyana münasibətin də dəyişməsinə nail ola bilərlər. Rusiyanın Marqarita Simonyan kimi dərin ağlı olmayan adamları eşitməyə haqqı yoxdur”.
Rüfət Sultan, BakuPost