Ru
12:28 / 28 İyul 2026

Şirkətlər işçi, gənclər iş axtarır: Nəyi düz etmirik?

Şirkətlər işçi, gənclər iş axtarır:  Nəyi düz etmirik?
Eye

Azərbaycanda ali təhsil alan gənclərin sayı artsa da, onların əhəmiyyətli hissəsi hələ də ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. Mütəxəssislər hesab edirlər ki, bunun əsas səbəbi əmək bazarının tələbləri ilə məzunların bilik və bacarıqları arasında uyğunsuzluğun olmasıdır.

Əmək və məşğulluq məsələləri üzrə mütəxəssis Vüqar Şahinoğlu “BakuPost”a bildirib ki, bu problem təkcə Azərbaycana deyil, dünyanın bir çox ölkəsinə xasdır. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, Azərbaycanda işsizlik səviyyəsi 5,2 faiz təşkil edir. Bu isə gənclərin əmək bazarına inteqrasiyasının gücləndirilməsinin vacibliyini göstərir.

Ekspert qeyd edib ki, hazırda informasiya texnologiyaları, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt, məlumat analitikası, bulud texnologiyaları, mühəndislik, energetika, tikinti, logistika, maliyyə, audit, səhiyyə, aqrar sektor və rəqəmsal marketinq sahələrində ixtisaslı kadrlara tələbat yüksəkdir.

Onun sözlərinə görə, peşə təhsili tələb edən elektrik, qaynaqçı, avtomatika üzrə mütəxəssis, mexanik, CNC operatoru və soyutma sistemləri üzrə ustalar da əmək bazarında ən çox axtarılan peşələr sırasındadır.

V.Şahinoğlu bildirib ki, süni intellektin inkişafı bəzi peşələrə tələbatı azaltsa da, yeni ixtisasların yaranmasına səbəb olur:

“Bu gün artıq süni intellekt mühəndisləri, “prompt engineer”lər, AI məhsul menecerləri, maşın öyrənməsi mütəxəssisləri, məlumat analitikləri, AI etikası üzrə ekspertlər və rəqəmsal transformasiya üzrə mütəxəssislərə ehtiyac yaranır. Gələcəyin əmək bazarında uğur qazanmaq üçün əsas şərt daim öyrənmək və yeni bacarıqlar əldə etməkdir”.

Ekspertin fikrincə, bəzi gənclərin ixtisasına uyğun iş tapa bilməməsinin səbəblərindən biri də aşağı əməkhaqqı, məhdud karyera imkanları, eləcə də bəzi müəssisələrdə işə qəbul zamanı subyektiv yanaşmaların mövcud olmasıdır. O, həmçinin bəzi vakansiyalarda giriş səviyyəli vəzifələr üçün 2-3 illik iş təcrübəsinin tələb edilməsini real hesab etmədiyini vurğulayıb.

V.Şahinoğlu bildirib ki, bugünkü əmək bazarında işəgötürənlər artıq namizədlərdə yalnız ali təhsil diplomuna deyil, praktik bacarıqlara, analitik düşünmə qabiliyyətinə, problem həll etmə bacarığına, komandada işləmək vərdişinə, rəqəmsal savadlığa, xarici dil biliklərinə və öyrənməyə açıq olmağa üstünlük verirlər.

Ekspert sonda gənclərə peşə seçərkən yalnız bugünkü deyil, gələcək 10-15 ilin əmək bazarını da nəzərə almağı tövsiyə edib.

“Özünüzü bir diplomla məhdudlaşdırmayın. Xarici dilləri öyrənin, rəqəmsal bacarıqlar qazanın, süni intellekt alətlərindən istifadə etməyi mənimsəyin və universitet illərində mümkün qədər çox praktik təcrübə əldə edin. Gələcəyin əmək bazarında dəyişikliklərə tez uyğunlaşan, davamlı öyrənən və texnologiyanı öz rəqibi deyil, işini daha məhsuldar görmək üçün bir vasitə kimi istifadə edən mütəxəssislər üstünlük qazanacaqlar.”

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar