“SOCAR təbii qazın xaricdə xammaldan məhsula çevrilərək satılması yönümündə daha bir addım atmağa hazırlaşır”.
Bakupost.az xəbər verir ki, bu sözləri enerji neft-qaz və enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.
Ekspert qeyd edib ki, ötən ilin dekabrında SOCAR Türkiyədə 870 MVt gücündə istilik elektrik stansiyasına sahib çıxdı: “Bu il isə Serbiyada tikilməsi planlaşdırılan istilik-elektrik stansiyasında 50% paya malik ola bilər.
Azərbaycan Prezidentinin Serbiyaya səfəri zamanı bildirilib ki, prioritet əsasda 500 MVt gücündə istilik elektrik stansiyasının tikintisi üzrə danışıqlar gedir və tərəflər bu sövdələşmədə maraqlıdırlar”.
İlham Şabanın sözlərinə görə, SOCAR indiyə qədər neft, neft məhsulları, neft-kimya məhsulları, qaz və gübrə istehsal edirdisə, 2026-cı ildən bu sıraya elektrik enerjisi də əlavə olur: “Onu deyim ki, SOCAR artıq Azərbaycanda 4 külək və günəş elektrik stansiyasında paya malikdir. Yəni yaxın illərdə SOCAR-ın istehsalında elektrik enerjisinin xüsusi çəkisi get-gedə artıma doğru gedəcək”.
Cavid, BakuPost