Ru
15:17 / 27 Noyabr 2025

Sosial şəbəkələr nəzarətə götürülür – “Vəziyyət dözülməz həddə çatıb”

Sosial şəbəkələr nəzarətə götürülür – “Vəziyyət dözülməz həddə çatıb”
Eye

Noyabrın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. İclasın sonunda layihənin birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılması tövsiyə edilib.

Bakupost.az Medianews.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə cəzalar – 500 manatdan 1000 manatadək məbləğdə cərimə, bu, yetərli sayılmadıqda isə 30 günədək inzibati həbs nəzərdə tutulur.

Bu inzibati xətaları törədən şəxs eyni əməli bir il ərzində təkrar törətdikdə cərimə 2000 manata, həbs 2 ayadək qaldırıla bilər.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə isə yayılması qadağan edilən informasiyalar sırasına “ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar"ın da salınması nəzərdə tutulur.

Bütün bunlar söyüş, əxlaqsız ifadə və ya təhqiramiz jestlərə görə inzibati cəzaların ağırlaşdırılması deməkdir. Təklif olunan dəyişikliklər cəmiyyətə necə təsir edə, etik davranışın qorunmasına yardım göstərə bilərmi?

Tanınmış sosioloq Elçin Bayramlı Medianews.az-a açıqlamasında deyib ki, təklif olunan dəyişikliklər qüvvəyə minsə, sosial şəbəkələrdə zərərli məzmunla mübarizəyə töhfə verəcək. Bu baxımdan E.Bayramlı Milli Məclisin müzakirəsinə tövsiyə olunan qanun layihəsini müsbət qiymətləndirdiyini bildirib.

Sosioloq qeyd edib ki, oxşar təcrübə bir çox ölkədə tətbiq olunur və belə bir yanaşma ictimai təhlükəsizlik, etik normaların qorunması üçün vacibdir:

“İctimai mühitdə yazılmış və yazılmamış qaydalar mövcuddur. Hazırda internet məkanında xalqın milli-mənəvi dəyərlərinə, dövlət atributlarına, tarixi şəxsiyyətlərinə qarşı təhqirlər, gənclərə zərərli fikirlərin ötürülməsi geniş yayılıb. Faktiki əxlaqsızlıq təbliğ olunur. İnsanlara mənfi psixoloji təsir göstərilir. Bu sahədə tam bir anarxiya hökm sürür”.

E.Bayramlının sözlərinə görə, media orqanlarında oxşar hallara az rast gəlinir, çünki medianın etik kodeksi və məsuliyyət çərçivəsi var: “Lakin sosial şəbəkələrdə vəziyyət nəzarətdən çıxıb, durum dözülməz həddə çatıb. Artıq ciddi xəbərdarlıqların, cərimələrin, bəzi hallarda məhdudlaşdırmaların tətbiqi qaçılmazdır. Çünki belə məzmunlar cəmiyyətin sağlam inkişafına ciddi zərbə vurur. Xüsusilə uşaqların və gənclərin psixologiyası pozulur. Xalqın mənəvi dəyərlərinə, dövlətçilik prinsiplərinə xələl gətirilir.

Bəzən bu cür davranışlar “azadlıq” və ya “müasirlik” bəhanəsi ilə pərdələnir. Lakin həmin şəxslər məsuliyyətə cəlb olunacaqlarını bilsələr bu addımlardan yayınarlar”.

Sosioloq cəmiyyəti də məsuliyyətli olmağa çağırıb və zərərli məzmun istehsal edən kanallara dəstək verilməməsinin vacibliyini qeyd edib:

“Belə kanallar abunələr və paylaşımlar sayəsində nüfuz və pul qazanır. Cəmiyyət onları boykot etməli, sağlam məzmunlara üstünlük verməlidir”.

E.Bayramlının fikrincə, ictimai qınaq və dövlət tərəfindən normativ tənzimləmə paralel şəkildə həyata keçirilməlidir:

“Başqa ölkələrin təcrübəsi göstərir ki, milli-mənəvi dəyərlər, dövlətçilik və əxlaq kimi məqamlar toxunulmazdır. Bu sahələrə yönələn təhlükələrin qarşısı mütləq alınmalıdır”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar