Milli Məclisin deputatı Zahid Oruc təklif edib ki, Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial media platformalarına qoşulması qadağan edilsin.
O hesab edir ki, bunun üçün ən optimal yaş 16 yaşdan sonra başlamalıdır.
Deputat qeyd edib ki, burada əsas məqsəd uşaqların sağlamlığı və rifahı, onların müdafiəsi və valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, Azərbaycan rəsmiləri xaricdə baş verən qeyri-mütərəqqi məsələləri ölkəmizdə də tətbiq etməyə çalışırlar:
“Dünyanın bir çox ölkələri, hətta inkişaf etmiş Avropa və Avstraliyada belə qadağalar var. Azərbaycan rəsmiləri də nədənsə xaricdə baş verən məhz qeyri-mütərəqqi məsələləri ölkəmizə tətbiq etməyə çalışırlar”.
N. Cəfərli hesab edir ki, müasir internet dövründə belə qadağaların işlənməsi mümkün deyil:
“Ona necə nəzarət ediləcəyi belə problematikdir. Prosesin nəzarət mexanizmi yoxdur. Ölkəmizdə 16 yaşa qədər hardasa 2,4 milyona yaxın uşaq var. VPN-lər, başqa ölkələrdən qoşulmalar var. 13-14 yaşlı uşaqlar internet sahəsini yaşlılardan daha yaxşı bilir”.
Əvəzində həmsöhbətimiz uşaqları, gəncləri maraqlandıran yerli konseptlərin yaradılmasını təklif edir:
“Uşaqların marağına səbəb olacaq yerli konseptlər yaradılmalıdır. Yalnız bu yolla uşaqların zərərli məlumatlara çıxışlarını müəyyən dərəcədə məhdudlaşdırmaq olar”.
Rüfət Sultan, BakuPost