Ru
17:55 / 16 Oktyabr 2026

Sosial uçurumu zəiflədən güc: Könüllülük hərəkatı cəmiyyətə nə qazandırır?

Sosial uçurumu zəiflədən güc: Könüllülük hərəkatı cəmiyyətə nə qazandırır?
Eye

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2026-cı ili “Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli” elan edib. Bu təşəbbüs könüllülüyün dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında və cəmiyyətlərin daha fəal, həmrəy və inklüziv olmasında oynadığı rola verilən önəmin göstəricisidir.

Könüllülər cəmiyyətin inkişafına öz istəyi və təşəbbüsü ilə, qarşılıq gözləmədən töhfə verən şəxslərdir. Könüllülük fəaliyyəti sosial məsuliyyətin, həmrəyliyin və ictimai fəallığın formalaşmasında mühüm rol oynayır. Könüllülər müxtəlif sosial, humanitar, ekoloji, təhsil, idman və mədəni layihələrdə iştirak edir, aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə yardım göstərir, ətraf mühitin qorunması ilə bağlı aksiyalara qoşulur, ictimai tədbirlərin təşkilinə dəstək verir və maarifləndirici layihələr həyata keçirirlər.
Könüllülük fəaliyyəti yalnız cəmiyyət üçün deyil, habelə prosesdə iştirak edən şəxslər üçün də əhəmiyyətlidir. Belə fəaliyyət könüllülərin məsuliyyət hissini, ünsiyyət və təşkilatçılıq bacarıqlarını, komanda ilə işləmək qabiliyyətini inkişaf etdirir, onların ictimai həyata daha fəal qoşulmasına imkan yaradır.

Könüllülərin cəmiyyətin inkişafında mühüm rol oynaması onların fəaliyyətinin daha səmərəli və əlaqələndirilmiş şəkildə təşkil olunmasını zəruri edir.

Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətlər üzrə əlaqələndirilməsi və bu sahədə ixtisaslaşmış təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) xüsusi rolu vardır.

Qeyd edək ki, AKTİ 2020-ci ildə Prezident İlham Əliyevin çağırışına əsasən təsis edilib. Hazırda ittifaq 32 dövlət qurumunun könüllü təşkilatını öz ətrafında birləşdirib.

Ümumikyyətlə, könüllülük mədəniyyəti vətəndaş cəmiyyətinin formalaşması və inkişafının mühüm aspektidir. Gənclərin könüllülük hərəkatlarına fəal şəkildə qoşulması həm fərdlərin sosial məsuliyyət hissini artırır, həm də cəmiyyətin ümumi inkişafına birbaşa töhfə verir. Könüllülük əslində sosial həmrəylik və vətəndaş fəallığının ən yüksək formasıdır. Könüllü fəaliyyətlə məşğul olan gənclər cəmiyyətdəki sosial, ekoloji və humanitar problemləri daha yaxından görür ki, bu da onlarda fərdi məsuliyyət hissini artırır.
Digər tərəfdən, bu zaman gənclər müxtəlif qurumlardan nəsə gözləmək əvəzinə, problemlərin həllində özləri birbaşa iştirakçıya çevrilirlər. Hansı ki, bu da vətəndaş cəmiyyətinin ən vacib şərtidir.

Könüllülük prinsipi cəmiyyətdəki sosial uçurumu da azaldır. Könüllülər aztəminatlı ailələrə, kimsəsizlərə, yaşlılara və xüsusi qayğıya ehtiyacı olan şəxslərə kömək etməklə cəmiyyətdəki sosial uçurumun qarşısını almağa da müəyyən töhfə verirlər.
Könüllülük həmçinin sosial bağlılıq yaradır. Müxtəlif sosial təbəqələrdən olan insanları vahid bir amal ətrafında birləşdirir. Bu isə cəmiyyətdə etimad, qarşılıqlı hörmət hisslərini artırır.

Təbii fəlakətlər, pandemiyalar və ya digər fövqəladə hallarda gənclərin yaratdıqları könüllü qrupları dövlət strukturlarının ən böyük köməkçisinə çevrilir və cəmiyyətin böhrandan daha az zərərlə çıxmasını təmin edir.

Könüllülük habelə gənclərə komanda işi, liderlik, effektiv kommunikasiya, böhran vəziyyətlərində qərar qəbul etmə və idarə olunma kimi mühüm bacarıqları da aşılayır. Artıq müasir əmək bazarında işəgötürənlər də namizədlərin könüllülük təcrübəsinə böyük önəm verirlər. Bu təcrübə gənclərin sosial adaptasiyasını sürətləndirir və onları iş həyatına hazırlayır.

Könüllülük hərəkatı gəncləri radikallıqdan, zərərli vərdişlərdən və sosial təcriddən uzaq tutaraq onları cəmiyyətin qurucu qüvvəsinə çevirir.

Milli Məclisin deputatı Azər Allahverənov “Bakupost”a bildirib ki, Azərbaycanda könüllülük hərəkatı vətəndaş cəmiyyətinin mühüm seqmenti kii dəyərləndirilir:

“Vətəndaş cəmiyyəti dedikdə təbii ki, ilk növbədə qeyri-hökumət təşkilatlarının fəal sürətdə təmsil olunduğu sektoru nəzərdə tuturuq. QHT fəaliyyəti də bilavasitə könüllülük prinsipi üzərində qurulub. Bu günün özündə belə QHT-lərin fəaliyyətinin böyük hissəsini məhz könüllülük prinsipinə uyğun fəaliyyət təşkil edir”.

Deputat qeyd edir ki, Azərbaycanda müxtəlif dövrlərə təsadüf edən könüllülər hərəkatı olub:

“Hər bir dövrün özünəməxsus xüsusiyyətlərindən irəli gələrək, fəaliyyət sektoru, təmsilçilik kimi məsələlər dəyişib. Amma ana xətti təşkil edən ictimai əsaslarla olan fəaliyyət növü dəyişməyib. Keçən əsrin 90-cı illərində formalaşan QHT-lərdə könüllülər kifayət qədər aktiv təmsil olunurdu. Həmin dövrdə cəmiyyət və dövlətimiz üçün taleyüklü oişlərin yerinə yetirilməsində məhz könüllülərin imkanlarından geniş şəkildə istifadə olunub. Sonrakı mərhələdə QHT-lər konseptual cəhətdən yeni dövrün tələblərinə uyğun institutlaşmış bir sektor şəklində özünü göstərdi. Bunu hətta könüllülük hərəkatında da gördük. Ölkəmikzdə BMT-nin “Könüllülər proqramı” var idi. 5 il ərzində minlərlə gənc həmin proqrama cəlb olunaraq, həm könüllülük prinsipinaə xas bilik və bacarıqlara yiyələndilər, həm də onların iştirakı ilə cəmiyyətimiz üçün mühüm fəaliyyətlər təşkil olundu”.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə də könüllülər aktivliyilə seçiliblər:

“Eurovision”, “Formula1” yarışları, I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, III MDB oyunları, COP29 kimi tədbirlər kifayət qədər könüllünü öz ətrafında birləşdirərək, hərəkatda tamamilə yeni bir reallığı formalaşdırdı. Belədə könüllülərimiz beynəlxalaq tədbirlərdə də fəal şəkildə təmsil olundular ki, bu da keyfiyyət etibarı ilə yeni bir səviyyədir. Bütün bunlar nəticə etibarı ilə onu göstərir ki, ölkəmizdə könüllülük hərəkatı ciddi bir inkişaf yolu keçib”.

A.Allahverənov deyir ki, bir neçə on il bundan əvvəl könüllülük hərəkatı sadəcə ictimai təşəbbüslər səviyyəsində özünü göstərirdisə, artıq hərəkat institusional cəhətdən ciddi infrastruktur və maddi texniki bazaya malik təsisatlar şəklində özünü göstərir:

“Nəzəri cəhətdən konseptual fəaliyyət sektorunun olduğunu görürük. Praktik cəhətdən isə könüllülərin fəal iştirakı ilə mühüm fəaliyətlərin həyata keçirilməsinin şahidi oluruq. Azərbaycan könüllülərinin dünya miqyasında gedən bir sıra proseslərdə fəal şəkildə təmsil olunması deməkdir”.

Deputatın fikrincə, könüllülük hərəkatının müxtəlif parametrlər üzrə inkişafı istiqamətində də fəaliyyətimizi davam etdirməliyik:
“Eyni zamanda, beynəlxalq praktikanı da yaxından öyrənməliyik. Çünki dünya dəyişir. Yeni-yeni texnoloji alətlər istifadəyə verilir”.

Rüfət Sultan,
BakuPost

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə hazırlanıb.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar