Ru
14:14 / 19 Oktyabr 2026

"Starshield" yubandı, Ukrayna cəbhədə çətinə düşdü: Tramp məsuliyyətdən niyə qaçır?

"Starshield" yubandı, Ukrayna cəbhədə çətinə düşdü: Tramp məsuliyyətdən niyə qaçır?
Eye

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun "Starlink" peyk internet xidmətinin hərbi versiyası olan "Starshield"in işinin yubanmasında iştirakını təkzib edib.

“Bakupost” xəbər verir ki, ABŞ Prezidenti bunu jurnalistlərə açıqlamasında bildirib.

"Bilmirəm, bunu kim edə bilərdi, çünki bunu edən mən deyildim. Düşünmürəm ki, bunu edən İlon (Mask) idi. Anladığım qədəri ilə hər şey əvvəlki kimi qalır", - o deyib.

Qeyd edək ki, Trampın bu açıqlamasından bir gün əvvəl "Reuters" mənbələrə istinadən Ukrayna Ordusu üçün "Starlink" xidmətinin Ağ Evin göstərişilə məhdudlaşdırıldığını bildirib. Məhdudiyyətlər Ukrayna Ordusunun hərbi bölmələri və qərargahları arasında rabitədə fasilələrə və internet sürətinin azalmasına səbəb olub və hərbi əməliyyatlara mane olub.

İlon Mask isə daha əvvəl "X"də yazıb ki, "Starshield" üçün məhdudiyyətlər ABŞ Ordusu və ya Prezident tərəfindən müəyyən edilir, çünki sistem Amerika hökumətinə məxsusdur.

"Starlink"in yubadılması ətrafındakı bu müəmma nədir, Tramp məsuliyyəti niyə üzərindən atmağa çalışır?

Siyasi şərhçi Azər Qasımov “Bakupost”a bildirib ki, Trampın Zelenskiyə təzyiq etməsi, Putinlə əldə etdiyi razılaşmanı həyata keçirmək üçün NEZ-ləri vurmamaq, Rusiyadan ABŞ-a dizel yanacağı tədarükü məsələsi, eyni zamanda, Zelenskinin artıq getməli olduğunu söyləməsi Ağ Evin Ukraynaya maneələr yaratmaqla onu sülhə məcbur etmək istəyindən qaynaqlanır:

“Trampın bunu açıq şəkildə etmək istəmədiyi hiss edilir. Ona görə yaradılan yubadılmalardan xəbəri olmadığını söyləyir. Ukrayna isə bu təzyiqlərə boyun əymək fikrində deyil”.

Müsahibimizin sözlərinə görə, Trampın bu müharibəni nəyin bahasına olursa olsun dayandırmaq istəyi onu qeyri adekvat qərarlar verməyə sövq edir:

“Bu zaman o, heç bir beynəlxalq haqq və hüququ gözləməyi fikirləşmir. Məsələnin digər tərəfi də hazırda bu müharibənin gəldiyi durumdur. Rusiya müharibədə heç bir ciddi uğur əldə edə bilmir. Amma əraziləri vurulur. Külli miqdarda itkilərə məruz qalır. Getdikcə zəifləyir. Rusiya isə buna qəti şəkildə cavab vermir”.

Ekspert hesab edir ki, bu, Trampın yürütdüyü həmin siyasətin nəticəsidir və o, özünü Putinə yaxın göstərməklə onu qəti həmlələr etməkdən yayındırır:

“Rusiya isə zaman keçdikcə zəifləyir. Ukrayna Rusiyanın əhəmiyyətli infrastrukturlarını sıradan çıxarır. Putin isə buna sakitcə baxmaqla kifayətlənir. Başqa zaman olsaydı, Rusiya ərazisinə hansısa raket atılsaydı, Kreml buna nüvə zərbəsi ilə cavab verərdi. Amma indi bu raket zərbələri adi hal alıb. Hesab edirəm ki, bu, Trampın xüsusi xidmətidir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar