Ru
17:20 / 16 Oktyabr 2026

Sülh sazişi 2031-ci ilə qalacaq? – Paşinyanın 5 illik strategiyasının GİZLİ MOTİVLƏRİ

Sülh sazişi 2031-ci ilə qalacaq? – Paşinyanın 5 illik strategiyasının GİZLİ MOTİVLƏRİ
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2026-2031-ci illəri əhatə edən 5 illik strateji proqramla çıxış edib.

Paşinyan hökumətinin parlamentə təqdim etdiyi 2026–2031-ci illər üzrə dövlət proqramının xarici siyasət bəndində Azərbaycan və Türkiyə ilə münasibətlərin tam normallaşdırılması, sərhədlərin delimitasiyası və sülhün rəsmiləşdirilməsi məhz bu 5 illik dövrün əsas hədəfi kimi göstərilib. Paşinyan bu tarixi qeyd etməklə sülh sazişini növbəti idarəetmə dövrünün son həddi (deadline) kimi müəyyənləşdirib.

Görəsən, Painyanın bu bəyanatının arxasında hansı motivlər dayanır?

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Bakupost”a bildirib ki, 2031-ci ilə qədər olan dövr Paşinyanın baş nazirliyi dövrüdür:
“Onun seçkiqabağı təbliğatında da 2031-ci ilə qədər hansı işləri görəcəyi qeyd edilirdi. Azərbaycanla sülh prosesinin yekunlaşması da məhz bu beşilliik dövrü üçün nəzərdə tutulurdu. Amma bu heç də həmin məsələdə son müddət olduğu anlamına gəlmir. Sülh prosesini daha tez müddətə də bitirmək olar”.

Ekspertə görə, bu işin tez yekunlaşması yolunda Paşinyan müəyyən problemlərlə üz-üzədir:

“Bu problemlər həm daxildən, həm də xaricdən gəlir. Daxili problem əsasən konstitusiya islahatı ilə bağlı olan məsələdir. Ermənistanda revanşizm güclüdür və həmin qüvvələr Paşinyana bu və ya digər formada maneə olmağa çalışırlar. Onlar isə konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının yer almaması haqqında layihəni bloklayaraq, onun referenduma çıxarılmasına səs verməyə bilərlər. Ermənistanda konstitusiya referendum yolu ilə qəbul olunmalıdır. Bu barədə təşəbbüs isə baş nazirdən, hökumətdən, parlamentdən də gələ bilər. Amma konstitusiya üzrə referendumu təyin etmək üçün parlamentdə üçdə iki səs çoxluğu lazımdır. Paşinyan isə bu çoxluğa sahib deyil. Hakim partiya parlamentdə 64 yerə malikdir. Referendumun təyini üçünsə azı 70 deputatın səsi lazımdır. Deməli, onlar 6 nəfər əlavə adam tapmalıdırlar. Görünür, indiyə qədər bu məsələni həll edə bilməyiblər. Çünki müxalifət Qarabağ və Azərbaycan məsələsində ciddi şəkildə Paşinyana qarşı əks mövqe sərgiləyir”.

Müsahibimizin sözlərinə görə, yaranmış durumda Paşinyan da vaxtı uzatmağa cəhd edir ki, müxalifətdə olan bəzi deputatları referendum məsələsində öz tərəfinə çəkə bilsin:

“Prinsip etibarı ilə bu təcrübədə mümkün olan məsələdir. Yaxud da Paşinyan elə bir layihə ortaya çıxara bilər ki, müxalifət onun keçməsinə maneə olmasın”.

Həmsöhbətimiz deyir ki, Rusiya və İran Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının tərəfdarı deyillər:

“İran bu əraziləri özününki hesab edir. Ona görə də düşünür ki, həmin məkandakı problemləri ancaq onun özü həll etməlidir. Rusiya isə Cənubi Qafqazda Ermənistan vasitəsilə qalmağa cəhd göstərir. Bu səbəbdən həm Moskva, həm də Tehran Paşinyana sülh prosesini uzatmağı tövsiyyə edir. Yəni Paşinyanın daxili və xarici vəziyyəti onu məsələni müəyyən müddət uzatmaq və vaxtaşırı gündəmə gətirməyə vadar edir. Ona görə də 5 illik planı gündəmə gətirərək, həmin müddət ərzində onu həyata keçirməyi düşünür”.

Ekspert qeyd edir ki, prosesin tez bir müddətdə başa çatması Paşinyanın özü, Ermənistan üçün, habelə bütün dünya və Azərbaycan üçün də faydalı olar:

“Çünki ən azından bir çox məsələlər həmin sülh sazişinin imzalanmasından asılı olaraq həll olunacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar