Süni intellekt artıq yalnız işləri asanlaşdıran texnologiya deyil. Son hesabat bu sistemlərin təhlükəli məqsədlər üçün istifadə edilməsinə dair ciddi cəhdlərin olduğunu ortaya qoyub.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, süni zəka şirkəti "Anthropic" tərəfindən yayımlanan son təhdid kəşfiyyatı hesabatında süni zəka sistemlərindən bioloji silahların hazırlanması, silah proqramlarının yazılması və casusluq məqsədilə istifadə cəhdləri barədə məlumat verilib.
Şirkət bildirib ki, sistemlərindən bioloji silah hazırlamaq üçün istifadə etməyə çalışan şəxslərin qarşısı alınıb.
Hesabata görə, "Anthropic" süni zəka modellərinin bioloji silahların hazırlanması prosesinə cəlb edilməyə çalışıldığı 5 hadisə müəyyən edib. Şirkət bioloji sahədə sui-istifadəni sürətlə inkişaf edən süni zəka sistemləri üçün ən ciddi təhlükələrdən biri hesab edir.
Burada əsas problem bəzi elmi məlumatların həm faydalı, həm də təhlükəli məqsədlər üçün istifadə oluna bilməsidir. Məsələn, müəyyən elmi biliklər xəstəliklərə qarşı peyvənd hazırlamaq üçün də, bioloji silah yaratmaq üçün də istifadə edilə bilər.
"Anthropic"in Təhdid Kəşfiyyatı rəhbəri Ceykob Klein bildirib ki, təhlükə yaradan şəxslər hər zaman açıq şəkildə zərərli məqsədlərini ortaya qoymurlar.
Bu sahədə oxşar cəhdlər yalnız "Anthropic" ilə məhdudlaşmır. "Google"da istifadəçilərdən birinin "Gemini" vasitəsilə silaha çevrilə bilən bioloji maddələrin hazırlanması ilə bağlı texniki məlumat əldə etməyə çalışdığını açıqlayıb.
Hesabatda süni zəkanın adi silahların hazırlanması üçün də istifadəsinə cəhd edildiyi qeyd olunur. Məlumata görə, bəzi şəxslər odlu silahlar, idarə olunan raketlər, silahlı pilotsuz uçuş aparatları və bombalar üçün hədəfləmə və idarəetmə proqramları hazırlamağa çalışıblar.
Sistemlərin təhlükəsizlik mexanizmləri bu cəhdləri müəyyən edərək fəaliyyətləri dayandırıb.
Son 8 ay ərzində aşkarlanan hadisələr süni zəkadan casusluq və kiberhücumlarda da daha geniş istifadə edildiyini göstərib. Hesabatda Rusiya ilə əlaqəli kiber casusluq fəaliyyətlərində iştirak edən şəxslərin, həmçinin İranda fəaliyyət göstərən təbliğat qurumlarından birinin süni zəka sistemlərindən istifadə etməyə çalışdığı bildirilib.