Ru
11:33 / 02 İyun 2026

“Sürücü yola yox, xətlərə baxır” – Professor AYNA-nı tənqid etdi

“Sürücü yola yox, xətlərə baxır” – Professor AYNA-nı tənqid etdi
Eye

Bakının bir sıra ərazilərində AYNA tərəfindən aparılan xətlənmə işləri son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Aparılan dəyişikliklər, başda sürücülər olmaqla, bir çox vətəndaşın narazılığına səbəb olub. Sürücülər bildirirlər ki, ziqzaqvari xətlənmə hərəkət zamanı çaşqınlıq yaradır və qəza riskini artırır.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev öz fikirlərini bölüşərək AYNA-nı tənqid edib.

O bildirib ki, yeni tətbiq olunan “labirint” tipli xətlənmə sürücülər üçün ciddi təhlükə yaradır:

"Sürücü ətrafdan gələ biləcək risklərə fokuslanmır, onun yerinə gözü yerlərdəki xətdə olur. Bəzi yerlərdə bu hal təhlükə yaratmır, amma bəzi yerlərdə ciddi təhlükə yaradır. Məsələn, Bakıxanov küçəsindən Tbilisi prospektində enəndə sağdan çıxışla dairəyə elə girməlidir ki, həm zolağı tapdalamasın, həm də soldan gələnlərə yol versin. Bu arada soldan gələnləri gözləyəndə də sarı xətli yerin üstündə gözləyir ki, orada da çox gözləmək olmaz. Orada hansısa qəza olsa, buna görə maddi məsuliyyət daşıyırsınız.

İkincisi, güya xətləriniz standartlara uyğun çəkilir. O zaman zəhmət olmasa yolun yuxarı hissəsində, yəni yolun üstündə dəmir lövhələrdə də hər zolaq üzrə istiqamətləri göstərin, sadəcə yerdə çəkməyin; sıxlıq olanda yerdə olan xətti görmək olmur.

Üçüncüsü, deyək ki, bir istiqamətdə 4 zolaq var. Orada sol 2 zolaqdan düzünə, sağdan ikinci zolaqdan düzünə və sağa, ən sağ zolaqdan isə sadəcə sağa istiqamət mümkün olmalıdır. Siz nə edirsiniz? Sağdan ikinci zolaqda istiqamətləri məhdudlaşdırırsınız, ya ancaq düzünə olur, ya da ancaq sağa qoyursunuz. Məsələn, Tbilisi pr-dən üzü 20 Yanvara tərəf gedəndə Salamzadə küçəsinə çatanda sol 2 zolaqdan ancaq düz, sağ 2 zolaqdan ancaq sağa getmək olar. Həmin yerdə sürücülərin çoxu düzünə hərəkət edir, siz isə 4 zolaqdan ancaq 2-sinə düzünə hərəkətə icazə verirsiniz. Həll: sağdan ikinci zolaq həm düzünə, həm də sağa gedə bilməlidir. Bu qəbildən yerlər çoxdur, məsələn, Bakıxanov ilə Səməd Vurğun kəsişməsində Sirkə tərəfə dönəndə ancaq sağ zolaqdan sağa dönməyə icazə verilir, bu da həmin hissədə tıxacın yaranmasına səbəb olur.

Ümid edirəm, yazımı oxuyub müvafiq dəyişiklikləri edəcəksiniz".

Lalə

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar