Ru
21:28 / 20 May 2026

Sürücülərin diqqətinə — Maşında bunlar yoxdursa, cərimələnə bilərsiniz

Sürücülərin diqqətinə —  Maşında bunlar yoxdursa, cərimələnə bilərsiniz
Eye

Türkiyədəki qanunvericiliyə edilən yeni dəyişikliyə əsasən, nəqliyyat vasitələrində təhlükəsizlik avadanlıqlarının siyahısına yeniləri əlavə olunub. İndi sürücülərdən təkcə yanğınsöndürən balon, ilk yardım dəsti və qəza dayanma nişanı deyil, həm də kəlbətin, vintaçan və avtomobil üçün müxtəlif ehtiyat lampalar tələb olunur. Bununla yanaşı, ehtiyat təkər və ya təkərşişirdən aparat, yedək kəndiri, təkər açarı və domkratın da maşında olması məcburidir.

Bəs bizdə hansılar olmalıdır və ya qadağandır?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a Türkiyədə nəqliyyat vasitələrində bu cür elementlərin demək olar bütün avtomobillərdə mövcud olduğunu bildirib.

"Xüsusilə yük, orta tutumlu və iri həcmli yük avtomobillərində bu avadanlıqlar geniş şəkildə istifadə olunur. Daha iri və ağır nəqliyyat vasitələrində isə bu kimi vasitələr standart tələblərə daxildir.

Azərbaycanda isə bu məsələ o qədər də ciddi problemə çevrilməyib. Çünki nəqliyyat vasitələrinin böyük hissəsi paytaxtda cəmləşib. Paytaxtda isə həm sıxlıq var, həm də evakuasiya və təxliyə xidmətləri yüksək səviyyədə təşkil olunub. Nəqliyyat vasitələrinin daşınması və yedəyə alınması prosesi də ümumilikdə yaxşı qurulub. Ölkənin digər bölgələrində də yükdaşıma və yedəyəalma xidmətləri fəaliyyət göstərir və müəyyən səviyyədə təmin olunur".

Ekspertin fikrincə, bu sahədə daha vacib məsələ nəqliyyat vasitələrində tibbi ləvazimatların olmasıdır:

"Məsələn, avtomobillərdə yüngül və ya ağır xəsarətlər zamanı istifadə oluna bilən ağrıkəsici preparatlar və sarğı materialları mütləq olmalıdır. Qəza hallarında qanaxma və digər təcili vəziyyətlərə ilkin müdaxilə üçün bu vasitələr vacibdir və problemi daha tez aradan qaldırmağa imkan verir.

Bundan əlavə, avtomobillərdə yedək ipinin (trosun) olması da vacib hesab olunur. Digər avadanlıqlar isə mənim fikrimcə, sadəcə aksesuar deyil, zəruri ehtiyat vasitələri kimi nəqliyyat vasitələrində mütləq şəkildə olmalıdır",- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə (xüsusilə “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə) əsasən, minik avtomobillərində mütləq şəkildə saxlanılmalı olan avadanlıqların dəqiq siyahısı mövcuddur. Bu avadanlıqların olmaması texniki nasazlıq hesab edilir və cərimə əsasıdır.

Azərbaycanda nəqliyyat vasitələrində mütləq bular olmalıdır:

Tibb qutusu (ilk yardım dəsti): İçərisində qanaxmanı dayandırmaq, sarğı etmək və ilkin tibbi yardım göstərmək üçün zəruri ləvazimatlar (bint, pambıq, turnet, plaster və s.) olmalıdır.

Yanğınsöndürən balon: Standartlara cavab verən və yararlılıq müddəti keçməyən yanğınsöndürmə vasitəsi mütləqdir.

Qəza dayanma nişanı: Qırmızı rəngli, işığı əks etdirən üçbucaq nişan. Qəza və ya məcburi dayanma zamanı digər sürücüləri xəbərdar etmək üçün yola qoyulmalıdır.

Qanunvericilikdə kəlbətin, vintaçan və ya ehtiyat lampa kimi alətlərin maşında olması məcburi tələb kimi qeyd edilməyib. Yəni bunların olmamasına görə hər hansı cərimə nəzərdə tutulmur.

Qadağalara gəlincə, avtomobillərdə xüsusi səs və sayrışan işıq siqnallarının (sayrışan işıqlar, qanunsuz siqnallar), həmçinin dövlət qeydiyyat nişanını gizlədən, oxunmasını çətinləşdirən vasitələrin və normadan artıq tündləşdirilmiş jalüz və ya pərdələrin (qanunla icazə verilən hallar istisna olmaqla) istifadəsi qəti qadağandır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar