Xəbər verdiyimiz kimi, TƏBİB-də kadr dəyişiklikləri davam edir. Bu gün iki tanınmış tibb rəhbəri – Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva və Sumqayıt şəhər 2 saylı Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva ilə bağlı vəzifə dəyişikliyi baş verib.
Hər iki şəxsin uzun müddət səhiyyə sistemində rəhbər vəzifələrdə çalışması diqqət çəkir.
"Bakupost" NOCOMMENT.az-a istinadla sözügedən hər iki qadının dosyesni təqdim edir.
Dilbər Quliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
Açıq mənbələrdə onun adı ən azı 2018-ci ildən Balakən səhiyyə sisteminin rəhbərliyində keçir.
Həmin dövrdə Quliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi təqdim olunub. 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Balakəndə keçirdiyi maarifləndirici tədbirdə də o, xəstəxananın baş həkimi kimi iştirak edib. 2021-ci ildən isə Dilbər Quliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi təqdim olunmağa başlayıb.
Onun rəhbərliyi dövründə xəstəxananın fəaliyyəti, COVID-19 vaksinasiya prosesi, rayonun tibb müəssisələrinin vəziyyəti və tibbi xidmətlərlə bağlı müxtəlif açıqlamaları mediada yer alıb.
Bu gün isə TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı əmrlə Dilbər Quliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib. Onun yerinə hələlik yeni təyinat verilməyib.
Arzu Bəndəliyeva isə uzun illər Sumqayıt səhiyyə sistemində rəhbər vəzifələrdə çalışıb.
Açıq mənbələrdə onun adı əvvəlcə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş həkimin müavini kimi keçir. 2018-ci ildə isə Sumqayıt şəhər 1 saylı poliklinikanın baş həkimi təyin olunub. 2020-ci ildə Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı da Bəndəliyeva 1 saylı poliklinikanın baş həkimi kimi çıxış edib.
Sonrakı mərhələdə Arzu Bəndəliyeva Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. Daha sonra isə Sumqayıt şəhər 2 saylı Xəstəxananın baş həkimi təyin olunub. 2026-cı ilin iyulunda onun vəzifədən uzaqlaşdırıldığı barədə məlumat yayılmışdı. Həmin vaxt TƏBİB bu məlumatı təkzib etmişdi.
Lakin bu gün Arzu Bəndəliyeva ilə bağlı yeni qərar verilib. TƏBİB sədri Anar Bayramovun imzaladığı əmrlə o, 2 saylı Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən uzaqlaşdırılıb.