Ru
13:47 / 04 Avqust 2026

Tehran danışıqları inkar edir? – Trampın “ikiüzlülük” açıqlamasının şifrəsi

Tehran danışıqları inkar edir? – Trampın “ikiüzlülük” açıqlamasının şifrəsi
Eye

ABŞ Prezidenti Donald Tramp İran rəsmilərini ABŞ ilə danışıqların aparıldığını inkar etdiklərinə görə ikiüzlü adlandırıb.

“Bakupost” xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

“İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür! Onlar görüş istəyirlər — hətta bəziləri buna “yalvarmaq” deyərdi — danışıqlar başlayır və yaxın gələcək üçün yeniləri planlaşdırılır, lakin onlar açıq və qürurla heç bir müzakirənin aparılmadığını, heç nəyin müzakirə olunmadığını və yalnız Oman ilə məşğul olduqlarını bəyan edirlər”, - o qeyd edib.

Maraqlıdır, danışıqlar aparılırsa, nədən İran bunu inkar edir? Yaxud aparılmırsa, niyə Tramp bunun əksini söyləyir?

Siyasi şərhçi Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, ABŞ ilə İran arasındakı danışıqlar prosesi daha çox immitasiya xarakteri daşıyır:



“Ona görə danışıqlarda baş verənlər də qlobal siyasət məkanında manipulyasiya mövzusuna çevrilir. Son vaxtlar hər iki tərəfin verdiyi açıqlamalarda da bu əlamətlər açıq şəkildə nəzərə çarpır. Rəsmi Tehran danışıqların aparılmadığını bildirir. ABŞ isə əksinə, danışıqların davam etdiyini vurğulayır”.

Ekspertin sözlərinə görə, tərəflər danışıqların olub-olmadığı barədə bir-birinə zidd fikirlər səsləndirməklə, əslində həm qlobal məkana, həm də ölkə daxili auditoriyaya mesaj ötürürlər: “Hər iki ölkənin ölkədaxili vəziyyəti tamamilə bir-birindən fərqlənir. ABŞ-də savaş əleyhdarları daha güclü təsir imkanına malikdir. Ona görə də Prezident Tramp vaxtaşırı sülh danışıqlarının davam etdiyini bəyan etməyə məcbur olur. İranda isə daxili auditoriyaya danışıqların aparılmadığı bəyan edilir. Çünki İran siyasi elitasına güclü hökumət, güclü dövlət mesajının verilməsi sərfəlidir. Bununla Tehran ABŞ ilə hesablaşmadığı siqnalını ötürməyə çalışır. Bütün bunlar da təbii ki, daha çox siyasi maraqlardan qaynaqlanır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar