İran prezident Donalda Trampa yaxın şəxslərin, əsasən Stiv Vitkoff və Cared Kuşnerin "bazar manipulyasiyası" yolu ilə təxminən 9 milyard dollar qazandığını iddia edir.
Bakupost.az xəbər verir ki, məlumatı Amerikanın “Drop Site News” portalı İran rəsmisinə istinadən yayıb.
Bildirilir ki, İran hər iki şəxsin danışıqlarda iştirak zamanı əldə etdikləri məlumatları bazar oyunçularına sızdırmaqla külli miqdarda qazanc əldə etdiklərinə əmindir.
O da qeyd olunur ki, Tehran bu məlumatı İsveçrədəki danışıqlar zamanı vitse-prezident J. D. Vensə çatdırıb.
J.D. Vens isə ona belə məlumatın çatdırılmadığını qeyd edərək, sözügedən iddianı absurd adlandırıb.
Siyasi şərhçi Rəşad Bayramov
Bakupost.az bildirib ki, iddialar hüquqi cəhətdən təsdiqlənərsə, bu, ABŞ qanunvericiliyi baxımından ciddi araşdırma predmeti olacaq:
“Çünki məxfi dövlət məlumatlarından və ya danışıqlar prosesində əldə edilən qeyri-ictimai informasiyadan maliyyə qazancı üçün istifadə edilməsi bazar manipulyasiyası, maraqların toqquşması və hətta insayder məlumatlardan istifadə kimi qiymətləndirilə bilər. Belə bir vəziyyətdə Stiv Vitkoff və Cared Kuşnerin danışıqlarda qalması həm siyasi, həm də reputasiya baxımından Ağ Ev üçün böyük yükə çevrilər. ABŞ administrasiyası danışıqların legitimliyini qorumaq məqsədilə onları prosesdən uzaqlaşdıra və ya səlahiyyətlərini məhdudlaşdıra bilər”.
Amma müsahibimiz belə qərarların yalnız İranın ittihamları əsasında qəbul edilməsini də mümkün hesab etmir:
“Bu istiqamətdə qərarlar ABŞ-nin müvafiq nəzarət və hüquq-mühafizə institutlarının araşdırmaları nəticəsində verilə bilər”.
R. Bayramovun fikrincə, İran bu iddianı ondan psixoloji və siyasi təzyiq aləti kimi istifadə etmək üçün gündəmə gətirib.
Ekspertə görə burada məqsəd ABŞ nümayəndə heyətinin etibarlılığını sarsıtmaq, Vaşinqton daxilində fikir ayrılıqlarını dərinləşdirmək, danışıqlar masasındakı balansı dəyişmək cəhdi ola bilər:
“İran qarşı tərəfin əsas fiqurlarını şəxsi maraqlarla hərəkət edən şəxslər kimi təqdim edə bilirsə, bu zaman onların danışıqlardakı legitimliyi sual altına düşür. Bu, həm beynəlxalq ictimai rəydə, həm də ABŞ-nin daxili siyasi mühitində müəyyən rezonans yarada bilər. İran yaxşı bilir ki, ABŞ-də siyasi qütbləşmə kifayət qədər yüksəkdir. Belə iddialar Konqresdə, mediada və müxalif siyasi dairələrdə əlavə araşdırma tələblərinə səbəb ola bilər. Hətta ittiham sübuta yetirilməsə belə, onun siyasi təsiri müəyyən müddət davam edəcək. Ən nəhayət, İran bununla İsrailə daha yaxın mövqe tutduqlarını düşündüyü şəxsləri neytrallaşdırmaq və prosesdən uzaqlaşdırmaq üçün də belə bir iddianı gündəmə gətirə bilər”.
Digər tərəfdən həmsöhbətimiz düşünür ki, İran bu ittihamlarla gələcək danışıqlar zamanı mümkün uğursuzluqların məsuliyyətini əvvəlcədən qarşı tərəfin üzərinə yönəltməyə çalışa bilər:
“Yəni, prosesin şəxsi maliyyə maraqları olan şəxslər tərəfindən manipulyasiya olunmasına dair tezis gələcək diplomatik gərginliklər üçün siyasi əsas rolunu oynaya bilər.
Hələ ki, ittihamlar öz təsdiqini tapmayıb və onun təsdiqini tapması üçün kifayət qədər əsas da yoxdur. Odur ki, indiki mərhələdə əsas məqsədin ABŞ nümayəndə heyətinin etibarını zəiflətmək, Vaşinqton daxilində siyasi müzakirələri alovlandırmaq, danışıqların formatına təsir göstərmək və İran üçün daha əlverişli diplomatik mövqe formalaşdırmaq olduğunu düşünürəm”.
Rüfət Sultan,
BakuPost