ABŞ və İsrail İranı ram etmək üçün digər vasitələri də sınaqdan çıxarmaq qərarına gəlib.
“Bakupost” "The Telegraph"a istinadən xəbər verir ki, Vaşinqtonla Təl-Əviv Tehrana qarşı quru blokadasının tətbiqi imkanlarını müzakirə edirlər.
Plan çərçivəsində İranla həmsərhəd İraq, Pakistan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Ermənistan və Azərbaycanın sərhəd-keçid məntəqələrini məhdudlaşdırmağa və ya tam bağlamağa razı salınması nəzərdən keçirilir.
Burada məqsəd İranın idxal və ixrac imkanlarını azaltmaqdır.
Görəsən, İranın quru blokadası nə dərəcədə realdır və nəticə verəcəkmi?
Siyasi şərhçi Ramiyə Məmmədova
“Bakupost”a bildirib ki, İrana qarşı quru blokadanın gerçəkləşməsi mümkün deyil:
“İran 7 ölkə ilə həmsərhəddir. Həmin qonşuların heç biri eyni fikirdə deyil. Türkiyə İranla münasibətləri normal saxlamaq niyyətindədir. Ona görə də Ankara münaqişənin daha da genişlənməməsi üçün buna yol verməyəcək. Azərbaycana gəldikdə, ölkəmiz İranla balanslaşdırılmış siyasət yürüdür. Yəni Azərbaycan da buna razılıq verməyəcək. İraqa gəldikdə, burada İranın gücü hələ saxlanılır. Onlar arasında da yaxın münasibətlər mövcuddur. Adı hallanan digər dövlətlərin də İranla bağlı hər hansı bir ciddi problemi yoxdur. Onlar da Tehrana münasibətdə balanslı siyasət yürüdürlər. Ona görə də İrana qarşı quru blokadasının tətbiqi mümkün deyil”.
Ekspertin sözlərinə görə, burada söhbət həç də tam blokadadan getmir, sadəcə nəzarət kompleksi nəzərdə tutulur:
“Bu real görünsəydi, çoxdan tətbiq edərdilər. Məqsəd iqtisadi, siyasi baxımdan nəzaərəti əldə saxlamaqla İranı masaya oturtmaq və istədiklərini qəbul etdirməkdir”.
Müsahibimiz qeyd edir ki, həmin planın reallaşması üçün həm də BMT-nin razılığı olmalıdır:
“ABŞ BMT Şurasının qərarı olmadan İrana qarşı quru blokada planı ətrafında heç bir iş görə bilməyəcək. Ona görə də sözügedən məsələ yalnız 30 faiz təxminlə real görünə bilər”.
Rüfət Sultan,
BakuPost