“Ali təhsilin keyfiyyətini qoyuram qırağa, təbii ki, bu məsələdə böyük problemlər var, amma, həcm və say olaraq da, Azərbaycanda ali təhsilli insanların faiz nisbəti qonşulardan azdır. Azərbaycanda 25 yaşdan yuxarı əhalinin cəmi 17,67%-nin ali təhsili (bakalavr və daha yuxarı) var, Gürcüstanda bu göstərici 33,69%, Ermənistanda isə 24,9%-dir”.
Bakupost.az xəbər verir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Gürcüstanda ən yaxşı təhsil göstəriciləri olmasına baxmayaraq, hökumət bu rəqəmdən də razı deyil, ona görə də gələn ildən dövlət ali məktəblərinin hamısında təhsil tam pulsuz olacaq:
“Ermənistanda da buna bənzər addımların atılmasına hazırlıq gedir.
Azərbaycanda isə məsələn, 2023-cü ildə ümumilikdə 8631 nəfər, əsasən də, təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib (2024-cü il ilə bağlı rəsmi rəqəmləri tapa bilmədim.
İllər öncə imza topladıq, hökumətə təklif verdik ki, dövlət universitetlərində dövlət dilində ali təhsil pulsuz olsun,dinləmədilər. Nəticə olaraq bu gün Azərbaycan olaraq tək iqtisadi göstəricilərinə görə deyil də, həm təhsil göstəricilərinə görə qonşularımıza uduzuruq və bu məsələlər bir-birinə çox bağlıdır – təhsil səviyyəsi iqtisadi göstəricilərə birbaşa təsir edir...”.
Lalə,
BakuPost