“Formula 1” yarışı, şəhərdə aparılan təmir işləri və metroda həyata keçirilən yenilənmə işləri səbəbindən Bakıda nəqliyyatın hərəkətində müəyyən çətinliklərin yaranacağı gözlənilir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, bu səbəbdən tələbələrin özlərindən asılı olmayan hallarda dərslərə gecikməsi ADNSU tərəfindən nəzərə alınacaq.
“Bakupost” xəbəri dəqiqləşdirmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqə saxlayıb.
Universitetdən saytımıza bildirilib ki, sözügedən məlumatın yayımlandığı “Adnsu.telebeleri” adlı instaqram səhifəsi ADNSU-nun rəsmi hesabı deyil. Bununla yanaşı, qeyd olunub ki, qarşıdakı günlərdə nəqliyyat sıxlığı səbəbindən dərslərə gecikən tələbələrin bu halı nəzərə alınacaq:
“ “Formula 1” yarışı başlayacaq. Digər tərəfdən, metronun “Nizami”dən “28 May”a qədər olan hissəsində təmir prosesi gedir. Ümumilikdə bütün bu amilləri nəzərə alaraq nəqliyyat sıxlığı səbəbindən tələbələrin dərslərə gecikməsi kimi hallar nəzərə alınacaq. Bu, qısa müddətlikdir”.
Lalə Novruz, BakuPost