Rəsmi Tiflis deyəsən yenidən Qərbə doğru istiqamət götürmək niyyətinə düşüb. Bakupost.az xəbər verir ki, bəzi ekspertlərin rəyinə görə, ən azından Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı məhz bu cür dəyərləndirilə bilər. Sözügedən danışıqda tərəfdaşlığın yenidən başlanmasının vacibliyi vurğulanıb.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu telefon danışığı Donald Tramp administrasiyasının Avropa İttifaqı (Aİ) və əvvəlki ABŞ administrasiyasından fərqli olaraq Gürcüstana münasibətdə daha fərqli yanaşmasının göstəricisi sayıla bilər:
“ABŞ hazırda bir çox məsələlərdə Aİ ilə müqayisədə fərqli mövqe sərgiləyir. Bu yanaşma Tiflisə münasibətdə də özünü göstərməyə başlayıb. Görünür, Tiflislə Vaşinqton arasında münasibətlər yaxşılaşmağa doğru gedir. Bu isə Gürcüstanın ABŞ-ın timsalında Qərbin izolyasiyasından çıxması anlamına gələ bilər”.
Partiya sədrinin fikrincə, Qərblə Gürcüstan arasında davam edən gərginliyin əsas səbəblərindən biri də məhz Qərbin mövqeyi olub:
“Əslində Tiflis Qərbdən uzaqlaşmayıb. Əksinə, Qərb Gürcüstandan uzaqlaşıb. Mövcud Gürcüstan hökuməti Qərbdən uzaqlaşmaq istiqamətində konkret addım atmayıb. Prosesi əsasən Aİ başladıb. Onlar Gürcüstana qarşı müəyyən addımlar atıb, Tiflis isə buna cavab verib”.
Natiq Cəfərli hesab edir ki, Vaşinqton-Tiflis münasibətlərində mümkün yaxşılaşma Cənubi Qafqaz üçün də mühüm nəticələr doğura bilər:
“Cənubi Qafqazın digər iki ölkəsi kimi Gürcüstanın da ABŞ-la münasibətlərinin yaxşılaşması Azərbaycanın maraqlarına uyğundur. Bu, regionda inteqrasiyanın dərinləşməsi və kommunikasiyaların açılması baxımından da əhəmiyyətlidir”.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Kobaxidzenin sözlərinə görə, söhbət zamanı tərəflər strateji tərəfdaşlığın yenidən başlanmasının vacibliyini vurğulayıblar.
Xatırladaq ki, Tiflislə Brüssel arasında münasibətlər 2024-cü ildə Gürcüstanda “xarici təsirin şəffaflığı” haqqında qanunun qəbulundan sonra ciddi şəkildə gərginləşib. Nəticədə həmin ilin iyulunda Gürcüstanın Aİ-yə üzvlük prosesi dayandırılıb.
Rüfət Sultan, BakuPost