İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
"Bakupost" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeydiyyata alınan bu şirkətlər İsveçin “Spotify AB” və Sinqapurun “Tik-Tok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minib.
Qeyd edilir ki, beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
“Bakupost”a bildirib ki, bu halda “Tik-Tok” platformasından pul qazanan tiktokerlər fərdi sahibkar və rəqəmsal kontent istehsalçıları kimi qeydiyyatdan keçərək, hansısa reklam müqavilələri və yaxud platformanın özündən qazandıqları vəsaitləri artıq VÖEN hesabından hesablamağa məcbur olacaqlar:
“Belədə dövriyyədən vergi də verəcəklər. Bu şirkətlərin vergi uçotuna alınması mexanizmlərinin necə təyin ediləcəyi maraqlıdır. Yaxud da hansısa bir üst şirkət yaradılacaq və onlar bu şirkətlə müqavilə bağlayaraq, öz mühasibatlığını, vergi prosedurlarını həmin şirkətə həvələ edəcəklər”.
Nəticə etibarı ilə qərar müsahibimizin fikrincə, internet üzərində pul qazananların vergiyə cəlb olunmasına xidmət edir. Ekspert prosesin işlək olacağına da əmin deyil:
“Onun nə qədər işlək olacağını, yaşayıb görərik. Bütün hallarda işlək olacağı ehtimalı çox azdır. Kimsə öz hesabını xaricdə qeydiyyatdan keçirəcək və ya xarici bank hesabı üzərindən əməliyyat edəcəksə, o zaman nə olacaq?”
Rüfət Sultan,
BakuPost