Azərbaycan jurnalistikasının və ədəbi mühitinin tanınmış simalarından biri, Əməkdar jurnalist, şair və publisist Tofiq Hüseyn 80 illik yubileyini qeyd edir.
Bakupost.az xəbər verir ki,
1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində dünyaya göz açan Tofiq Hüseyn yaradıcılıq yoluna hələ gənclik illərindən qədəm qoyub. Azərbaycan Dövlət Universitetində təhsil aldığı dövrdən başlayaraq poeziyaya və publisistikaya maraq göstərən müəllifin ilk şeirləri ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Sonrakı illərdə onun yaradıcılığı görkəmli söz ustaları tərəfindən yüksək qiymətləndirilib və bu etimad Tofiq Hüseyni Azərbaycan ədəbiyyatının tanınan simalarından birinə çevirib.
Peşəkar jurnalist kimi müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərən Tofiq Hüseyn ömrünün böyük hissəsini xalqın sözünü yazmağa, bölgələrin ictimai həyatını işıqlandırmağa, milli mətbuatın inkişafına həsr edib. Onun jurnalistikadakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək “Tərəqqi” medalı və “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.
Tofiq Hüseynin yaradıcılığı təkcə qəzet səhifələri ilə məhdudlaşmır. O, oxuculara dərin mənəvi məzmunu, vətən sevgisi və insan talelərinə həssas münasibəti ilə seçilən bir sıra dəyərli kitablar bəxş edib. Müəllifin “Sənə inanıram”, “Sənin yaxşılığın”, “Sabah sənin ad günündür”, “Şərurlu polkovnik”, “Əli Bayramlı hacıları”, “Adamları mənim yanıma dərd gətirir”, iki cilddə nəşr olunan “Seçilmiş əsərləri” və “Üzünə gün işığı düşən” kitabları onun zəngin yaradıcılıq dünyasının parlaq nümunələridir. Bu əsərlərdə müəllif həm insan talelərini, həm də dövrün ictimai-mənəvi mənzərəsini böyük ustalıqla qələmə alıb.
Sözə sədaqət, peşəyə məsuliyyət və yaradıcılığa sonsuz sevgi Tofiq Hüseynin həyat amalını təşkil edib. Onun keçdiyi yol gənc jurnalistlər və yaradıcı insanlar üçün örnəkdir.