“Aqrar sahədə keyfiyyət və səmərəliliyin artırılması üçün süni intellekt texnologiyalarının və innovativ elektron proqramların tətbiqi genişləndirilir”.
Bakupost.az xəbər verir ki, bu barədə Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
“Biz fermerin tarixçəsini elektron ektis vasitəsilə əldə edirik: nə əkir, nə qədər əkir, harada əkir. Aparılan torpaq analizləri sayəsində torpaq xəritəsi yaradılır. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün meteostansiyalarından məlumat alınır. Əlavə olaraq, Kənd Təsərrüfatı Nazirliyinin süni zəka layihəsi çərçivəsində 30-a yaxın yeni meteostansiya qurulub. Bununla yanaşı, özəl sektor tərəfindən qurulan meteostansiyalar da mövcuddur və onlar da platformaya qoşulur.
Beləliklə, iqlimlə bağlı məlumatlar əsasında əkilən məhsullara təsirlər və faydalar barədə geniş məlumat toplamaq mümkün olur. Bununla bağlı qayda qoyduq ki, ölkəyə idxal olunan bütün kombaynlarda həm GPS sistemi, həm də məhsul toplama bunkerində sayğaclar quraşdırılsın. Bununla da bu məlumatların bizim mərkəzi bazaya toplanması nəzərdə tutulub".
Qeyd olunub ki, həyata keçirilən bu genişmiqyaslı rəqəmsallaşmanın əsas məqsədi toplanan böyük datanın təhlil edilərək birbaşa fermerlərə ötürülməsidir.
Yaradılan sistem sayəsində fermerlər xüsusi mobil tətbiq vasitəsilə torpağın nəmlik dərəcəsi, bitkinin su stresi yaşayıb-yaşamadığı və suvarmaya olan real ehtiyac barədə operativ məlumat ala biləcəklər. Bu isə təsərrüfatlarda yarana biləcək iqlim və su çatışmazlığı risklərini öncədən proqnozlaşdırmağa imkan verəcək.
Lalə Norvuz,
BakuPost