Ölkədə toyların maksimum 2 saat davam etməsi və ən çox 100 qonağın iştirakı ilə keçirilməsi təklif olunur. Tanınmış ifaçı Murad Arif sözügedən təklifə narazılıq bildirib.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, sənətçi sosial media hesabında paylaşım edərək Azərbaycanda toy ənənəsinin tarixən formalaşdığını və toy sektorunun ölkədə çoxsaylı insanlar üçün gəlir mənbəyi olduğunu bildirib.
“Bilirik ki, dədə-babalarımız 7 gün, 7 gecə (bəzən 40 gün, 40 gecə) toy edərmişlər. Bəzi bölgələrimizdə, içki mədəniyyəti əsrlərə dayanır. Rayonlarımız var ki, doğulan uşağın adına çaxır basdırırlar həyətdə, ‘böyüyəndə, toyunda içərik’ deyərək. Sazın, sözün, şərabçılığın diyarıdır e Azərbaycan. Bu ruh var olunca, qəti qorxusu yoxdur!”, - deyə Murad Arif bildirib.
Müğənni toy sektorunun çoxsaylı insanların gəlir mənbəyi olduğunu vurğulayıb:
“Böyük sərmayə, əmək haqqı, məvaciblər dönür bu sahədə. Ayıq sürücüsündən tutmuş, xadiməsi, aşbazı, kostyum, geyim ticarəti, saç-üz salonlarına qədər. Maşın icarəsi, mənzil, avtomobil satışı... Saymaqla bitməz. Ofisiant tanıyıram ki, 3 övladını rayondan şəhərə, ali təhsil üçün yerləşdirib, təmin edib... Milyonlarla insanın çörək puluyla oynamaqdan danışırsız? Toy sektoru Azərbaycanın mental biznes strukturudur...”
O, toyların 100 nəfərlə məhdudlaşdırılması və iki saat davam etməsi təklifinə sərt reaksiya verib:
“Amma, aramızda şənlənmək düşmanları, qərəmət heyranları, yas-matəm fanatları da var. Ağıllının biri çıxıb norma diktə edir. Toylar 100 nəfərlik olsun, maksimum 2 saat davam eləsin. Özüm ölüm, dəlixanadır e... Get özündən, əzizlərindən, qohumlarından başla da, qardaşım. Olar?”
Murad Arif toy dəbinin insanların bir-birini təkrarlaması ilə formalaşdığını və hər kəsin öz məclisini istədiyi kimi təşkil etmək hüququnun olduğunu bildirib.
“Dəb nədir? Biri başlayır. Obirisinin xoşuna gəlir. Başqaları da təkrar edir.
Səni zorla toya aparan var? Yaxud, sənə zorla, toyuna 500 adam çağır deyən var? Öz əlindədir, çətindir, özündən başlamağa, dəyişməyə!? Çağırırlar, getmə! Pul salma, sənə də borclu qalmasın kimsə. Niyə bu qədər riyakarıq axı?! Səmimi olmağı bacarın ay insanlar, SƏMİMİ!!!”
Sənətçi toya dəvət olunan, lakin iştirak etmək istəməyən şəxslərin bunu açıq şəkildə bildirməsinin daha doğru olduğunu düşünür:
“Çağıranda deyin ki, biz o qədər yaxın deyilik, üzrlü say, gəlmirəm, planlarım olacaq, yer saxlama mənə! imkan o deyil. növbəti dəfə gələrəm. Deyin də, ala, bu sözləri. Deyin bunu! Bir-birinizə dürüst olun. Nə məcbur edir bu qədər saxta olmağa?! Mısmırıxla gəlib, xalxın toyunu ‘ağırlaşdırmaq’ nəyə lazım?!”
Murad Arif hər kəsin öz toyunu istədiyi formada keçirə biləcəyini vurğulayıb:
“Eləmə də 500 nəfərlik, elə 50 nəfərlik. Kim sənə nə deyə bilər?! Daha başqasının məclisinə, dəbinə, keyfinə BURUN SOXMAQ NƏDİR?”
Müğənni paylaşımının sonunda özünün də kiçik məclislərə üstünlük verdiyini qeyd edib:
“Şəxsən 50-70 nəfərlik banketlər partladıram, gəl görəsən. Amma, adamın onlarla dostu, rəfiqəsi, əylənən tayfası varsa, lap əla. Həmin o ‘kütləvi’ ortamlar da bizlikdir! Ləzzətli olur, elə də, belə də. Dadın çıxarın məclisin, istədiyiniz kimi, amma mız-mız və zarıyan olmayın... Qərəmət qərəmət çəkər!”