“XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar”.
"Bakupost" xəbər verir ki, bunu “Yeni Sabah”a qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.
O, bildirib ki, müasir toy məclislərində bu qədər israfçılığa ehtiyac yoxdur. A.Salamov Avropa ölkələrində toy süfrələrinin daha planlı təşkil edildiyini bildirib:
“Bu gün hər sahədə Avropalaşırıq, amma cibə faydalı məsələlərdə Avropalaşa bilmirik. Avropada toy məclislərində adətən İsveç masası qurulur. Yəni hər kəs istədiyi qədər məhsul götürüb yeyir. Mən 100-dən çox dəfə oradakı toy məclislərində iştirak etmişəm.
Onlarda menyu əvvəlcədən planlaşdırılır. İlk olaraq əsas menyu təqdim edilir və müəyyən məzələrin dadına baxılır. Daha sonra şorba və ya salat verilir. Ardınca isə süfrəyə ət təqdim olunur. Ətin miqdarı da 180 qramı keçmir. Hər şey kiçik porsiyalarla verilir və qonaqlar maşa servisi vasitəsilə istədikləri məhsulu götürürlər.
Bizim toylarda isə süfrədə hər şey olur. Lazım olub-olmamasından asılı olmayaraq isti və soyuq qəlyanaltılar, müxtəlif meyvələr, blinçik, toyuq, balıq, ləvəngi, balıq ruleti, salatlar, qutab, kabablar, bildirçin, tərəvəz kababı, plov, sonda isə tort və dondurma təqdim edilir. Bir insan bu qədər yeməyi yeyə bilərmi? Saydıqca qurtarmır. Bu qədər israfçılığa nə ehtiyac var?”.
Ekspert bildirib ki, keçmişdə toylar palatkalarda keçirilirdi və menyuda cəmi bir-iki növ yemək olurdu:
“Mən bir qida eksperti kimi məsləhət görərdim ki, toy süfrəsində 2-3 növ soyuq qəlyanaltı, ən çoxu 2 növ salat və bir neçə isti yemək olsun. Üstəlik, süfrədə çörək və lavaş da olur. İçkiləri isə ümumiyyətlə nəzərə almırıq.
Bizdə insanlar uzun illərdir “kim nə deyər” prinsipi ilə yaşayırlar. Düşünmürəm ki, bu ənənəni yaxın müddətdə qıra bilək. Amma ümid edirəm ki, gələcəkdə bu yanaşma dəyişəcək. Stereotiplərdən biri də budur ki, yeməyi az versək, toya az pul yazdırarlar. Filankəs 10 növ yemək verib, mən də 20 növ verim deyərək hamıdan üstün görünməyə çalışırlar.
Düşünürəm ki, bütün bunlar dəyişməlidir. Çünki həddindən artıq qida qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Musiqinin yüksək səslə səsləndirilməsi də ürəyə təsir edən amillərdəndir. Digər tərəfdən, burada israfçılıq və qida tullantıları məsələsi də var. Bu isə ətraf mühitə təsir göstərir və karbon emissiyalarının artmasına səbəb olur. Bütün bunları nəzərə almaq vacibdir”.