ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun vəzifədən getməsinin FIFA üçün dəhşətli səhv olacağını bildirib.
"Bakupost" xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
“Əgər FIFA hər hansı bir səbəbdən prezidenti Canni İnfantinonu dəyişməyi düşünsə, dəhşətli bir səhv etmiş olar. O, əvvəlkilərdən dörd dəfə daha uğurlu olan Dünya Kubokuna rəhbərlik edib. Əgər o (İnfantino) getsə, Dünya Kuboku bir daha heç vaxt bu qədər uğurlu və ya gəlirli olmayacaq”, - Tramp qeyd edib.
Qeyd edək ki, iyulun sonlarında “New York Post” qəzeti Trampın İnfantinonun BMT-nin növbəti baş katibi olmasını istədiyini yazıb. Nəşr qeyd edib ki, buna səbəb İnfantinonun ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il FIFA Dünya Kuboku zamanı Amerika liderinə daha da yaxınlaşması olub.
Avqustun əvvəlində isə eyni nəşr İnfantinonun FIFA prezidenti vəzifəsini qoruyub saxlamaq üçün Vaşinqton administrasiyasından dəstək istədiyini bildirib. Nəşr həmçinin iddia edib ki, FIFA prezidenti dəfələrlə Trampla telefonla əlaqə saxlamağa cəhd edib.
Xatırladaq ki, İnfantino dünya çempionatının yayım və kommersiya hüquqlarının bir hissəsinin investorlara satılması təklifindən sonra tənqidlərə məruz qalıb. Daha sonra o bu ideyadan imtina edib.
Təklif FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət edəcək bir şirkətin yaradılması nəzərdə tuturdu. FIFA bu sxemin 4,2 milyard dollar gəlir gətirə biləcəyini bildirirdi. Lakin təklif bir sıra federasiyalar və təşkilatlar tərəfindən geniş tənqid olundu və jurnalist Romain Molina İnfantinonun təşkilat daxilində dəstəyini itirdiyi üçün istefa verəcəyini bildirdi.