İranın Küveytə zərbələri nəticəsində 3 amerikalı əsgərinin ölməsi ABŞ Prezidenti Donald Trampı xeyli əsəbiləşdirib. Tramp İranı öldürülən hər bir Amerika əsgərinə görə sərt cavabla hədələyib.
“Bakupost” xəbər verir ki, Tramp artıq bu barədə ABŞ-nin hərbi rəhbərliyinə, o cümlədən Müdafiə naziri Pit Heqsetə və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə müvafiq göstərişlər verib.
“İran öldürdüyü hər bir Amerika əsgərinə görə qat-qat artıq bədəl ödəyəcək! Bu göstəriş bütün hərbi rəhbərlərə çatdırılıb”, - deyə o yazıb.
Hərbi ekspert
Üzeyir Cəfərov "Bakupost"a bildirib ki, Trampın həmin bəyanatı keçirdiyi narahatlığın nəticəsidir:
“Sonuncu hadisə zamanı İran cavab zərbəsilə ABŞ-nin Yaxın Şərqdəki bazalarına zərbələr endirib. Nəticədə yüzlərlə amerikalı hərbçi yaralanıb, ölənlər də var. Bu isə Prezident Donald Trampı qəzəbləndirib. İndiyə qədər Tramp bəyan edirdi ki, İran ordusu, onun raket potensialı məhv edilib. Amma son hadisə ABŞ Prezidentini növbəti dəfə ölkə vətəndaşları qarşısında çıxılmaz vəziyyətə salıb. Bu həm də Trampın narahat olduğunun nəticəsidir. Ona görə də o, belə bir bəyanat verib”.
Ekspert hesab edir ki, heç bir halda Trampın bəyanatı İranın geri çəkilməsinə səbəb olmayacaq:
“Əksinə, bundan sonra da İran ABŞ-nin zəif damarlarından tutmaqda davam edəcək. Tramp və onun komandası İranla bağlı məsələdə böyük fiaskoya uğrayıblar. Bu məsələdə Amerika strateji hədəflərinə çatmayıb. Əksinə, Amerika əsgər itirib və onun nüfuzuna zərbə dəyib. Bu baş verənlər də aralıq seçkilər öncəsi Trampı və komandasını çox narahat edir”.
Həmsöhbətimiz yaranmış durumda tərəflər arasında imzalanan memorandumun da artıq qüvvədən düşdüyünü zənn edir:
“Qarşıdakı həftələr də də tərəflər arasında zərbələr davam edəcək. Bu isə “Pakistan memorandumu” adlanan sənədin qüvvədən düşməsi anlamına gələcək”.
Rüfət Sultan,
BakuPost