Ağ Evdə təşkil edilən rəsmi mərasimdə ABŞ Prezidenti Donald Trampın yorğun və dalğın görünüşü müzakirələrə səbəb olub.
Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, məktəblərdə fiziki hazırlıq testlərinin bərpası ilə bağlı keçirilən imza mərasimində çıxışlar dinlənilən zaman maraqlı anlar lentə alınıb. Səhiyyə naziri Robert Kennedinin çıxışı zamanı dövlət başçısının gözlərini açıq saxlamaqda ciddi çətinlik çəkdiyi müşahidə edilib. Sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntülər qısa müddətdə geniş müzakirə mövzusuna çevrilib.
Hadisənin ictimaiyyətdə bu qədər diqqət çəkməsinin əsas səbəblərindən biri prezidentin cəmi bir neçə gün əvvəl səsləndirdiyi fikirlərdir. Belə ki, Donald Tramp çıxışlarının birində özünü çox enerjili, hətta 50 il
əvvəlki kimi gənc hiss etdiyini vurğulamışdı.
Yayılan tənqidi şərhlərə və müzakirələrə Ağ Ev administrasiyasından reaksiya gecikməyib. Rəsmi sözçü tənqidləri rədd edərək prezidentin olduqca aktiv fəaliyyət göstərdiyini, vəzifə borclarını tam və vaxtında yerinə yetirdiyini bəyan edib.
Bununla belə, son aylarda dövlət başçısının müxtəlif beynəlxalq və daxili tədbirlərdə yorğun, yaxud yuxulu vəziyyətdə görüntülənməsi ilk hadisə deyil və bənzər kadrlar vaxtaşırı olaraq gündəmi zəbt edir.