Ru
22:04 / 10 İyul 2026

Tramp niyə hər qalmaqaldan sağ-salamat çıxır?

Tramp niyə hər qalmaqaldan sağ-salamat çıxır?
Eye

Donald Tramp niyə ən ağır qalmaqallardan belə siyasi itki vermədən çıxmağı bacarır?

"Bakupost" xəbər verir ki, ABŞ-ın nüfuzlu "Politico" nəşri bu suala cavab axtarıb.

Nəşrin müəllifi Con Harris qeyd edir ki, Tramp illərdir müxtəlif qalmaqallara baxmayaraq siyasi mövqeyini qoruyub saxlaya bilir. Respublikaçılar onun davranışını dəfələrlə tənqid etsələr də, sonda partiya onun arxasında birləşib.

"Politico" bu vəziyyəti son günlər Demokratlar partiyasında baş verən hadisələrlə müqayisə edir. Partiyanın Men ştatından Senata namizədi Qrem Platner haqqında əvvəlcə nasist simvoluna bənzər "Totenkopf" döyməsi, daha sonra isə Cenni Rasikot tərəfindən irəli sürülən zorlama ittihamı gündəmə gəlib.

İyunun əvvəlində "The New York Times" Rasikotun Platnerin sərxoş halda evinə gəldiyini və onu narahat edən davranışlar sərgilədiyini yazmışdı. Həmin vaxt Demokratlar partiyasının bir çox nümayəndəsi, o cümlədən senator Berni Sanders, namizədin müdafiəsinə qalxaraq bu məsələnin seçki kampaniyasına təsir etməməli olduğunu bildirmişdi.

Lakin iyulun 6-da "Politico" jurnalistləri Cessika Payper və Adam Ren hadisənin təfərrüatlarını dərc etdikdən və Rasikot zorlanma iddiasını açıq şəkildə səsləndirdikdən sonra Demokratlar Partiyasının rəhbərliyi demək olar ki, yekdilliklə Platnerin namizədlikdən geri çəkilməsini tələb edib.

"Politico" yazır ki, Platner öz çıxışında ittihamları rədd edib və partiya rəhbərliyini anti-establişment namizəddən qurtulmağa çalışmaqda ittiham edib. O, dolayısı ilə sual verib: əgər Donald Tramp 2016-cı ildə "Access Hollywood" qalmaqalından sonra namizədlikdən imtina etmədisə, niyə o geri çəkilməlidir?

Məqalədə bildirilir ki, Demokratlar və Respublikaçılar siyasi məsuliyyət məsələsinə fərqli yanaşırlar. Müəllifin fikrincə, Trampın tərəfdarları onun qalmaqallarını siyasi sistemə qarşı mübarizənin bir hissəsi kimi qəbul edir, Demokrat elektoratı isə etik normalara və siyasi məsuliyyətə daha həssas yanaşır.

"Politico" sonda belə nəticəyə gəlir ki, Donald Trampın siyasi davranış modelini təkrarlamaq istəyən siyasətçilər ola bilər, lakin onun kimi partiyasının və seçicilərinin dəstəyini qalmaqallar fonunda qoruyub saxlamaq hər siyasətçiyə nəsib olmur. Məqalənin yekun qənaəti belədir: "Qrem Platner Donald Tramp deyil."

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar