ABŞ Prezidenti Donald Tramp növbəti diqqətçəkən iddia ilə çıxış edib. O, Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsi ehtimalını istisna etməyib.
“Bakupost” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ Prezidenti Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən okeanlardan birinin adının dəyişdirilə biləcəyini söyləyib.
“Fikir versəniz, bizim Amerika körfəzimiz və Amerika gölümüz var. İndi bizə okean lazımdır. Ona görə də ola bilsin ki, Atlantik və ya Sakit okeanın adını dəyişdirməli olaq. Bəlkə də onların adını dəyişdik”, – deyə Tramp bildirib.
Söz yox ki, Tramp bu fikri elə-belə səsləndirməyib. Güman etmək olar ki, belə bir bəyanatın arxasında müəyyən siyasi məqsədlər dayanır.
Bəs məqsəd nədir?
Siyasi şərhçi Taleh Əliyev
“Bakupost”a bildirib ki, Trampın bu təşəbbüsü qeyri-ciddi və qeyri-realdır:
“Bir neçə aydan sonra Trampın yenidən hakimiyyətə gəlişinin ikinci ili tamam olacaq. Keçən bu müddət ərzində o, nə seçki öncəsi verdiyi vədlərdə, nə də hakimiyyəti dövründə başladığı əsas təşəbbüslərin heç birində ciddi nəticələr əldə edə bilib. Əksinə, İrana qarşı apardığı uğursuz müharibə ilə ABŞ-nin hərbi və texnoloji qüdrətini sarsıtdı”.
Ekspertin sözlərinə görə, Tramp belə təşəbbüsləri gündəmə gətirməklə qarşıdan gələn aralıq seçkilər ərəfəsində seçicilərin rəğbətini qazanmağa ümid edir:
“Amma mövcud vəziyyətdə bu kimi qeyri-ciddi və qeyri-populyar təşəbbüslərlə qarşıdan gələn aralıq seçkilərdə seçicilərin dəstəyini qazanmaq real görünmür. Əksinə, bu cür təşəbbüslərlə çıxış etmək Trampın imicini daha da korlayır, fəaliyyətinin məhsuldarlığını aşağı salır”.
Müsahibimiz qeyd edib ki, istər Atlantik, istərsə də Sakit okeanın adının dəyişdirilərək “Amerika okeanı” adlandırılması ABŞ dövləti və vətəndaşları üçün hər hansı ciddi nəticə doğurmayacaq. Eyni zamanda, belə bir təşəbbüsün dünya birliyi tərəfindən geniş şəkildə qəbul olunacağı da inandırıcı görünmür:
“Çünki bu, bir ölkənin istəyi ilə baş verəcək məsələ deyil. Hətta BMT və digər beynəlxalq qurumlar vasitəsilə belə bir adı rəsmiləşdirməyə nail olsalar da, yeni adın uzun müddət saxlanılacağı real deyil. Bir neçə yüz ildir dünya xalqları adıçəkilən okeanları hazırkı adları ilə tanıyır və elə də qəbul edirlər.
Təəssüf ki, ABŞ kimi nəhəng ölkənin Prezidenti həm ölkəsi, həm də dünya üçün faydalı ola biləcək təşəbbüsləri kənara qoyaraq, belə qeyri-ciddi təşəbbüslərlə gündəmdə qalmağa çalışır”.
Rüfət Sultan,
BakuPost