ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinə Ukraynadakı müharibənin sona çatmasına kömək etməsi üçün müraciət edib.
Xarici KİV-lərdə iddia olunur ki, Tramp Pekində keçirilən görüşdə Si Cinpinə Rusiya ilə Ukrayna arasında danışıqların dalana dirəndiyini bildirib.
Bu fonda o, Çini Rusiya prezidenti Vladimir Putini Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar masasına qaytarmaqda kömək etməyə çağırıb.
Qeyd edək ki, Çin Qərbdən fərqli olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Əksinə, yaranmış vəziyyətdən istifadə edərək, Rusiya ilə münasibətlərdə özü üçün bir sıra əlverişli fürsətlər əldə edib. Digər tərəfdən, Pekinin Rusiyaya silahlar üçün bəzi komponentlər satdığı da iddia olunur.
Vaşinqtonda isə düşünürlər ki, mövcud vəziyyətdə Pekin Rusiyaya təsir etmək gücünə malik əsas oyunçudur.
"Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri, siyasi şərhçi Arif Əliyev
Bakupost.az-a bildirib ki, Çin Rusiya-Ukrayna müharibəsinin dayandırıılmasında Amerikaya kömək edə bilməyəcək. Ancaq istənilən halda, Pekinin prosesə ciddi təsir etmək gücü var:
“Bununla əlaqədar Donald Tramp Çindən də müəyyən şeylərin asılı olduğu barədə dəfələrlə bəyanatlar verib. Ticarət əlaqələri, ölkəyə maliyyənin gəlməsi, beynəlxalq dəstək, problem yüksək səviyyələrdə müzakirə olunanda mövqe nümayiş etdirmək kimi məsələlərdə Pekin Moskvaya əhəmiyyətli dərəcədə təsir edə bilər. Çin bu mövzuda dəfələrlə Rusiyanın bu və ya digər dərəcədə dəstəklənməsinə şərait yarada bilən bir mövqe seçib. Bu isə sözsüz ki, ABŞ-ni də narahat edir”.
Ekspertin fikrincə, Çinin Trampın bu istəyinə müsbət cavab verib-verməyəcəyi onun əvəzində nəyin təklif edilməsindən asılı olacaq:
“Rusiya-Ukrayna müharibəsi də bütün müharibələr kimi böyük bir alverdir. Çinin də bir məsələdən imtina və yaxud mövqeyinin dəyişməsi üçün qarşılığında nələrsə təklif olunmalı, müəyyən güzəştlər edilməlidir. Çin bu və ya digər qərarı öz mənafeyindən çıxış edərək verir”.
Rüfət Sultan, BakuPost